"Reddit" saytdan istifadə üçün hesaba daxil olmağı məcburi edəcək
Şirkət dəyişikliyi əvvəlcə ABŞ-dan kənar bəzi bazarlarda sınaqdan keçirəcək. Məqsəd məlumatların icazəsiz toplanmasının qarşısını almaqdır.
The Verge xəbər verir ki, "Reddit" platformadan istifadə üçün hesaba daxil olmağı məcburi etməyə hazırlaşır. Hazırda sayta hesab olmadan da daxil olmaq və müzakirələri oxumaq mümkündür.
Şirkətin baş icraçı direktoru Stiv Hafman bildirib ki, yeni tələb ilk olaraq yaxın aylarda ABŞ-dan kənar seçilmiş bazarlarda sınaqdan keçiriləcək. Dəyişikliyin bütün istifadəçilər üçün nə vaxt tətbiq olunacağı və hesaba daxil olmayanların saytda nə görəcəyi hələlik açıqlanmayıb. Bununla yanaşı, "Reddit" tətbiqinin anonim rejimi yenidən hazırlanaraq istifadəyə veriləcək.
Hafmanın sözlərinə görə, platforma məlumatlarına icazəsiz girişin böyük əksəriyyəti məhz hesabsız istifadə zamanı baş verir. O, yeni qaydanın istifadəçi təcrübəsi və reklam biznesi üçün daha faydalı olacağını, həmçinin məlumatları daha yaxşı qoruyacağını açıqlayıb. Hafman vurğulayıb ki, şirkətin istifadəçinin şəxsiyyətini bilməsinə ehtiyac yoxdur, yalnız hesaba daxil olması vacibdir.
Açıqlama şirkətin 2026-cı ilin üçüncü rübünə dair maliyyə hesabatı ilə eyni vaxtda verilib. Hesabata əsasən, axtarış sistemlərindən gələn trafik nəzərəçarpacaq dərəcədə azalıb: oktyabrda həftəlik keçidlərin sayı orta hesabla 1 milyondan çox düşüb. Bununla belə, gəlirin 80 faizindən çoxu tətbiq istifadəçiləri və hesaba daxil olmuş gündəlik aktiv istifadəçilər hesabına formalaşır.
Qeyd edək ki, "Reddit" əvvəllər məlumatlarına icazəsiz girişlə bağlı məhkəməyə müraciət edib və "Old Reddit" versiyasına girişi məhdudlaşdırıb. Şirkət 2024-cü ildə "OpenAI" və "Google" ilə məlumatlarının lisenziyalaşdırılmasına dair razılaşmalar imzalayıb.
Mənbə: The Verge