OpenAI: "ChatGPT"dəki axtarışların həcmi "Google"un 20 faizinə çatıb

Şirkət rəsmisi bildirib ki, çatbotda reklamlar istifadəçilərin narazılığına səbəb olmayıb və məhsulun istifadəsinə mənfi təsir göstərməyib.

The Verge

The Verge xəbər verir ki, "OpenAI" şirkəti "ChatGPT" vasitəsilə aparılan axtarış sorğularının həcminin artıq "Google"dakı sorğuların 20 faizinə bərabər olduğunu açıqlayıb. Bu barədə şirkətin "ChatGPT" üzrə istehlak məhsulları rəhbəri Adam Fray bazar ertəsi keçirilən mətbuat tədbirində bildirib.

Fraya görə, şirkət axtarış dedikdə istifadəçinin daxil etdiyi və internetdə axtarışla nəticələnən sorğunu nəzərdə tutur. Terminin izahı və ya sadə təlimatlar kimi tapşırıqlar bu hesablamaya daxil edilmir. O, "Google"un axtarış həcmi ilə bağlı rəqəmin mənbəyini açıqlamayıb.

"OpenAI" çatbot cavablarında vizual və interaktiv interfeys yaradan "Intelligent UI" yanaşmasını inkişaf etdirir. Şirkət həmçinin, "Google" kimi, reklamları gəlir mənbəyi kimi görür. Fray reklamların məhsula və onun istifadəsinə mənfi təsir göstərmədiyini, istifadəçilərin əksəriyyətinin buna etiraz etmədiyini deyib. Ötən ay şirkət "ChatGPT"də sponsorlu məhsulların şəkillərini də göstərməyə başlayacağını açıqlamışdı.

Qeyd edək ki, "Microsoft"un baş icraçı direktoru Satya Nadella 2023-cü ildə "Google"a qarşı antiinhisar məhkəməsində "Bing"in on ildən artıq səydən sonra axtarış bazarının təxminən 3 faizinə sahib olduğunu bildirmişdi. "OpenAI"ın gələn ilin əvvəlində birjaya çıxa biləcəyi gözlənilir.

Mənbə: The Verge