OpenAI ABŞ-dakı aralıq seçkilər üçün xüsusi "qərargah" yaradıb
Şirkət 3 noyabrda "ChatGPT"-nin seçki prosesindəki rolunu izləyəcək və süni intellekt modellərindən sui-istifadə hallarını aşkarlamağa çalışacaq.
Mashable xəbər verir ki, "OpenAI" ABŞ-da keçiriləcək aralıq seçkilər ərəfəsində Seçki Əməliyyatları Mərkəzi yaradıb. Şirkətin seçilmiş əməkdaşları 3 noyabrda bu "qərargahda" "ChatGPT"-nin siyasi prosesdəki rolunu izləyəcək və süni intellekt modellərindən mümkün sui-istifadə hallarını aşkarlayacaq.
Bu barədə məlumat "Politico" vasitəsilə yayılıb. "OpenAI"-ın vətəndaş və strateji risklər üzrə rəhbəri Coş Louson bildirib ki, mərkəz şirkətin uzun illərdir apardığı işin davamıdır və komandaların yaranan problemlərə tez reaksiya verməsinə, qaydaların tətbiqinə imkan yaradacaq.
Seçkilərdə süni intellektin rolu ilə bağlı narahatlıqlar isə qalmaqdadır. "NewsGuard" təşkilatının araşdırmasına görə, amerikalıların yarıdan çoxu seçki ilə bağlı yanlış məlumatlara inanıb, "X" platformasının "Community Notes" funksiyası isə belə paylaşımların 93 faizdən çoxunu müəyyən edə bilməyib.
"Brennan Center for Justice" hesabatında "Gemini" və "Meta AI" kimi modellərin saxta seçki görüntülərinin yaradılmasının qarşısını ala bilmədiyi qeyd olunub. Hesabata görə, yalnız "ChatGPT" bu sahədə müəyyən irəliləyiş göstərib, lakin "NewsGuard"-ın sınaqlarında "ChatGPT Images 2.5" siyasi namizədlərin real görünən təsvirlərini dəfələrlə yaradıb.
Qeyd edək ki, 2024-cü il prezident seçkiləri zamanı bir qrup texnologiya şirkəti generativ süni intellektin seçkilərə zərər vurmasının qarşısını almaq üçün birgə fəaliyyət öhdəliyi götürmüşdü. "Microsoft" və "Meta" da son illərdə seçki təhlükəsizliyinə əlavə resurslar ayırıb.
Mənbə: Mashable