"OpenAI" 1,25 trilyon dollar dəyərləndirmə ilə 30 milyard dollar cəlb etməyə hazırlaşır

Süni intellekt şirkəti IPO-dan əvvəl yeni özəl investisiya raundu üzərində işləyir, danışıqlarda BƏƏ investorları da iştirak edir.

TechCrunch

TechCrunch "CNBC"-yə istinadən xəbər verir ki, "OpenAI" birjaya çıxmazdan əvvəl daha bir böyük özəl investisiya raundunu yekunlaşdırmağa yaxındır. Şirkət investisiyadan əvvəlki 1,25 trilyon dollar dəyərləndirmə ilə 30 milyard dollara qədər vəsait cəlb etməyi planlaşdırır.

Mənbələrə görə, raunda "Coatue" və Birləşmiş Ərəb Əmirliklərindən olan investorlar rəhbərlik edir. BƏƏ ilə maliyyələşmə razılaşması "OpenAI" üçün əlavə hesablama gücünün təmin edilməsi ilə bağlı sövdələşmə ilə birləşdirilə bilər. Şərtlər hələ müzakirə olunduğundan dəyişə bilər, "OpenAI" isə məsələ ilə bağlı şərh verməyib.

TechCrunch

Bir ay əvvəl "Bloomberg" də şirkətin 1,4 trilyon dollar dəyərləndirmə ilə 30 milyard dollar cəlb etmək istədiyini yazmışdı. Dəyərləndirmə 1 trilyon dolları keçərsə, "OpenAI" tarixdə ən bahalı özəl şirkət olacaq və bu, gələcək IPO üçün də meyarı yüksəldəcək.

Yeni dəyərləndirmə "Anthropic"-in IPO-suna da təsir göstərə bilər. "CNBC"-nin məlumatına görə, "Anthropic" birjaya çıxış zamanı 1,5-2 trilyon dollar dəyərləndirmə hədəfləyir. Şirkət may ayında 965 milyard dollar dəyərləndirmə ilə 65 milyard dollar cəlb edib və iyunda IPO üçün məxfi sənədlər təqdim edib.

Qeyd edək ki, "ChatGPT"-nin yaradıcısı "OpenAI" mart ayındakı son investisiya raundunda 852 milyard dollar dəyərləndirilmişdi. Şirkət iyun ayında IPO üçün məxfi sənədlərini təqdim edib.

Mənbə: TechCrunch