# MKA "WhatsApp" hesablarının ələ keçirilməsi halları ilə bağlı xəbərdarlıq edib

> Milli Kibertəhlükəsizlik Agentliyi istifadəçilərə bağlı cihazları yoxlamağı və ikimərhələli təsdiqləməni aktivləşdirməyi tövsiyə edib.

- Mənbə: [INPUT.AZ](https://input.az)
- URL: https://input.az/xeberler/mka-whatsapp-hesablarinin-ele-kecirilmesi-hallari-ile-bagli-xeberdarliq-edib
- Dərc olunub: 27 oktyabr 2026, 23:20 (Bakı)
- Bölmə: Xəbərlər
- Teqlər: WhatsApp, Kibertəhlükəsizlik
- Mənbə: [Milli.Az Hi-Tech](https://news.milli.az/hitech/1349252.html)

![MKA "WhatsApp" hesablarının ələ keçirilməsi halları ilə bağlı xəbərdarlıq edib](https://inputaz.s3.eu-central-1.amazonaws.com/media/05de7fea72f9dd15.webp)
_Milli.Az Hi-Tech_

Milli.Az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp" və "WhatsApp Business" hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artdığını bildirib. Agentlik vətəndaşları təcili təhlükəsizlik tədbirləri görməyə çağırıb.

MKA ilk növbədə tətbiqdəki "Bağlı cihazlar" bölməsini yoxlamağı və tanınmayan cihazlardan çıxış etməyi tövsiyə edib. Agentliyin sözlərinə görə, hesab istifadəçinin öz telefonunda işləsə belə, başqa cihazdan istifadə oluna bilər.

İstifadəçilərə ikimərhələli təsdiqləməni aktivləşdirmək, bərpa üçün təhlükəsiz elektron poçt ünvanı əlavə etmək, SMS kodlarını və PIN-kodu heç kimlə paylaşmamaq məsləhət görülüb. "Hesabınız bağlanacaq" və ya "dəstək xidməti" adı ilə gələn saxta keçidlərə etibar etməmək, QR-kodları isə yalnız rəsmi platformalar üzərindən skan etmək tövsiyə olunub.

Biznes hesablarının sahiblərinə yalnız səlahiyyətli əməkdaşların cihazlarını bağlı saxlamaq və işdən ayrılan şəxslərin çıxış hüquqlarını dərhal ləğv etmək tövsiyə edilib. Girişi itirən istifadəçilər nömrəni rəsmi tətbiqdə yenidən qeydiyyatdan keçirməli və əlaqələrini adlarından gələ biləcək saxta tələblərə qarşı xəbərdar etməlidirlər.

Qeyd edək ki, MKA-nın vurğuladığına görə, təkcə ikimərhələli təsdiqləməni aktivləşdirmək mövcud icazəsiz girişi avtomatik aradan qaldırmır, buna görə bağlı cihazların ayrıca yoxlanılması mütləqdir.
