"Microsoft" süni intellekt alətinin həkimlərdən dəqiq diaqnoz qoyduğunu açıqlayıb

"Science" jurnalında dərc olunan araşdırmaya görə, "Diagnostic Orchestrator" sistemi testlərdə həkimlərdən xeyli yüksək dəqiqlik göstərib.

The Verge

The Verge xəbər verir ki, "Microsoft" xəstəlikləri insan həkimlərdən dörd dəfəyədək daha dəqiq diaqnoz edə bilən süni intellekt aləti hazırladığını bəyan edib. Araşdırmanın nəticələri nüfuzlu "Science" jurnalında dərc olunub.

"Diagnostic Orchestrator" adlı sistem tibbi ekspertlər panelinə bənzər şəkildə işləyir: bir neçə süni intellekt agenti simptomları və xəstə tarixçəsini təhlil edir, hansı müayinələrin lazım olduğunu müəyyənləşdirir və diaqnoz qoyur. "OpenAI"-ın "GPT-5" modeli əsasında işləyən sistem şirkətin açıq mənbəyə çevirməyi planlaşdırdığı "SDBench" testi ilə yoxlanılıb.

"The New England Journal of Medicine" jurnalındakı yüzlərlə klinik hal üzrə sistemin dəqiqliyi təxminən 83 faiz olub. Müqayisə üçün, ədəbiyyatdan istifadə edən ümumi praktika həkimləri 36 faiz, istifadə etməyənlər isə 22 faiz nəticə göstəriblər. Bostondakı Beth Israel Deaconess Tibb Mərkəzinin təcili yardım məlumatları üzrə isə sistem 80 faiz, həkimlər orta hesabla 47 faiz dəqiqliyə nail olub.

"Microsoft AI"-ın baş icraçı direktoru Mustafa Süleyman sistemin hələ klinik təsdiqə ehtiyacı olduğunu bildirib. Şirkət yaxın aylarda texnologiyanı həmin tibb mərkəzində real xəstəxana şəraitində sınaqdan keçirməyi planlaşdırır, lakin dəqiq tarix və kommersiya planları açıqlanmayıb.

Qeyd edək ki, araşdırma "Microsoft"-un "tibbi superintellekt" yaratmaq strategiyasının bir hissəsidir. Şirkətin məlumatına görə, səhiyyə mövzusu onun "Copilot" çatbotunun ən populyar istifadə sahələrindən biridir.

Mənbə: The Verge