"Meta" sosial media asılılığı iddiası üzrə məhkəmədən əvvəl razılığa gəlib
Missisipidən olan 18 yaşlı iddiaçı əvvəlcə "TikTok" və "YouTube" ilə barışıb. İndi işdə yeganə cavabdeh "Snap" qalıb.
Engadget xəbər verir ki, "Meta" sosial media asılılığı ilə bağlı daha bir məhkəmə iddiası üzrə razılaşma əldə edib. Bu addım şirkətə gələn ay başlaması planlaşdırılan məhkəmə prosesindən yayınmağa imkan verib.
İddia Missisipidən olan, K.D.B kimi tanınan 18 yaşlı qız tərəfindən qaldırılıb. "Reuters"in məlumatına görə, o, saatlarla sosial şəbəkələrdə vaxt keçirdiyini, dərsdə diqqətini itirdiyini və sosial media videolarında göstərilən üsullarla özünə xəsarət yetirdiyini bildirib. Los-Ancelesdə andlı iclasçıların seçimi bu həftənin əvvəlində başlayıb.
İddiaçının vəkili Emili Ceffkott razılaşmanı cümə günü açıqlayıb. Qız bundan əvvəl "TikTok" və "YouTube" ilə də barışıb. Razılaşmanın şərtləri açıqlanmayıb, "Meta" isə şərh sorğusuna dərhal cavab verməyib.
Hazırda işdə yeganə cavabdeh "Snap" qalıb. Bir neçə həftə davam edə biləcək prosesdə şirkətin baş direktoru Evan Şpigelin ifadə verəcəyi gözlənilir. "Snap" nümayəndəsi iddianın "Snapchat"ın necə işlədiyini "əsaslı şəkildə təhrif etdiyini" bildirib və platformanın lentlə deyil, kamera ilə açıldığını vurğulayıb.
Qeyd edək ki, "Snap" oxşar iddialarla bağlı başqa bir yüksək profilli işdə də razılığa gəlmişdi. Həmin işdə andlı iclasçılar "Meta" və "YouTube" əleyhinə qərar verib və şirkətlərə 6 milyon dollar təzminat ödəmək tapşırılıb. "Snap" bu yaxınlarda yeniyetmələrin iştirakı ilə baş vermiş qəzalarla əlaqələndirilən "speed filter" funksiyası üzrə uzunmüddətli iddianı da razılaşma ilə bağlayıb.
Mənbə: Engadget