"Meta" "No Kings" hesabını bloklayıb: səbəb kimi "Claude" aləti göstərilib
Şirkət dörd saatlıq bloklamaya görə üzr istəsə də, seçki günü oxşar halların qarşısını almaq üçün siyasətini dəyişməyəcəyini bildirib.
Ars Technica xəbər verir ki, "Meta" ABŞ-da demokratiyayönlü "No Kings" koalisiyasının "Instagram" hesabını müvəqqəti bloklayıb. Hesab koalisiyanın 17 oktyabrda keçirdiyi erkən səsvermə kampaniyasının ən qızğın anında dörd saat əlçatmaz olub.
"Meta" nümayəndəsi Endi Stoun "X" platformasında bildirib ki, hesab "Claude" süni intellekt alətindən istifadə edirdi və bu, onu bota bənzədirdi. Onun sözlərinə görə, avtomatik yoxlama xətanı bir saat ərzində aşkarlasa da, əlavə maneələr administratorların hesaba qayıtmasını gecikdirib.
Koalisiya "Meta"dan seçki günü oxşar halların təkrarlanmaması üçün təminat istəyib, həmçinin Tramp administrasiyası ilə hər hansı yazışmanı açıqlamağı tələb edib. 30 oktyabrda keçirilən görüşdə "Meta" həddindən artıq məhdudiyyətlərə səbəb olan siyasəti dəyişməyi planlaşdırmadığını bildirib. 14 ştatın baş prokuroru da şirkətdən ətraflı izahat tələb edib.
Ars Technica Tramp administrasiyasının hesabın məhdudlaşdırılmasını istədiyinə və ya "Meta"da kiminsə hesabı siyasi səbəblərdən qəsdən hədəf aldığına dair sübut tapmadığını vurğulayıb. Bir gün əvvəl isə şirkət Respublikaçılara məxsus @MOSenateGOP "Facebook" hesabını da səhvən silib.
Qeyd edək ki, "No Kings" koalisiyası 2025-ci ildə yaradılıb və ABŞ tarixində ən böyük koordinasiyalı etirazları təşkil edib. Təşkilatçıların hesablamalarına görə, iyun 2025-dəki ilk aksiyada 5 milyondan, oktyabr 2025-də 7 milyon, martda isə 8 milyondan çox insan iştirak edib.
Mənbə: Ars Technica