"Meta" "No Kings" hərəkatının "Instagram" hesabını bağladığı üçün üzr istəyib
Şirkət hesabın təxminən 90 dəqiqəlik bloklanmasını avtomatik qoruma sistemlərinin səhvi ilə izah edib.
"Mashable" xəbər verir ki, "Meta" ABŞ-də kütləvi etirazların təşkilatçısı olan "No Kings Coalition" hərəkatından "Instagram" hesabını bağladığı üçün rəsmi olaraq üzr istəyib. Hesab 17 oktyabrda, ölkə üzrə növbəti aksiya keçirildiyi vaxt əlçatmaz olub.
Şirkətin açıqlamasına görə, "səhv tətbiq edilən" bu qərara bot trafikinə bənzəyən qəfil və yüksək həcmli sorğular səbəb olub. "Instagram"ın avtomatik nəzarət alətləri profillərə, paylaşımlara və heşteqlərə tez-tez müraciət edən "Claude" əsaslı bir aləti şübhəli fəaliyyət kimi qiymətləndirib.
"Meta"nın sözçüsü Endi Stoun bildirib ki, bu fəaliyyət avtomatik qoruma mexanizmlərinin hesabı səhvən söndürməsinə yol açıb, inzibatçıların hesaba girişinin bərpası isə əlavə vaxt aparıb. Hərəkatın məlumatına görə, hesab təxminən 90 dəqiqə oflayn qalıb və bu, aralıq seçkilər öncəsi planlaşdırılan seçici tədbirləri və nümayişlərlə üst-üstə düşüb.
Hərəkatın tərəfdaşları hesabın bərpası üçün sosial şəbəkələrdə çağırış ediblər. "League of Women Voters" təşkilatı insanların toplaşdığı və məlumat axtardığı vaxtda hərəkatın əsas ünsiyyət kanalının kəsilməsini "dərin narahatlıq doğuran" hal adlandırıb.
Qeyd edək ki, son bir ayda "Meta" bir neçə dəfə senzura ittihamları ilə üzləşib. Reproduktiv sağlamlıq və LGBTQ mövzulu hesablar da illərdir səhifələrinin məhdudlaşdırıldığını və silindiyini iddia edir. Bu iddiaların bir hissəsi şirkətin 2025-ci ildə nifrət ifadələrinə qarşı qoruma qaydalarının əhəmiyyətli hissəsini ləğv etməsindən sonra səslənib.
Mənbə: Mashable