"Meta" mübahisəli yeni biznes şərtlərinin qüvvəyə minməsini təxirə salıb
Şirkət veb-skreypinqlə bağlı narahatlıqlar fonunda yenilənmiş kommersiya şərtlərinin tətbiqini 20 noyabra keçirib.
Engadget xəbər verir ki, "Meta" yeni kommersiya istifadə şərtlərinin qüvvəyə minmə tarixini təxirə salıb. Əvvəlcə 30 oktyabrda tətbiq olunmalı olan yenilənmiş "Commercial Terms" və "Self-Serve Ad Terms" sənədləri artıq 20 noyabrdan qüvvəyə minəcək.
Şirkət nümayəndəsi "Reuters" və "Fast Company"-yə göndərdiyi məktubda bildirib ki, bu addım tərəfdaşlara və maraqlı tərəflərə nəyin dəyişdiyini və nəyin dəyişmədiyini izah etmək üçün əlavə vaxt qazanmaq məqsədi daşıyır.
Yeni şərtlərə görə, "Meta" platformadakı biznes hesablarına aid domenlərə, veb-səhifələrə və orada yerləşən məzmuna avtomatlaşdırılmış alətlər vasitəsilə daxil olmaq, onları indeksləmək və toplamaq hüququ əldə edirdi. İlkin variantda bu məzmunun süni intellekt modellərinin təlimi üçün istifadə oluna biləcəyi də qeyd olunurdu, lakin naşirlərin etirazından sonra həmin ifadə çıxarılıb.
ABŞ və Kanadada minlərlə media qurumunu təmsil edən "News Media Alliance" şirkətə açıq məktub göndərərək şərtlərin geri götürülməsini tələb edib. Bəzi təşkilatlar isə antiinhisar orqanlarına şikayət ediblər. "Meta" məzmun sahiblərinin "robots.txt" faylı vasitəsilə öz məzmunlarının indekslənməsinin qarşısını ala biləcəyini açıqlayıb.
Qeyd edək ki, "Reuters" daha əvvəl bir sıra süni intellekt şirkətlərinin veb-botlarının "robots.txt" göstərişlərini mütəmadi olaraq nəzərə almadığını yazmışdı.
Mənbə: Engadget