"Meta" "Facebook"da link paylaşımını hökumət və qeyri-kommersiya səhifələri üçün də ödənişli edib

Ayda iki linkdən çox paylaşmaq üçün səhifələrə ən azı 50 dollarlıq "Meta One" abunəsi təklif olunur, halbuki bu qurumlar testdən kənarda qalmalı idi.

Engadget

Engadget xəbər verir ki, "Meta"nın "Facebook"da link paylaşımını ödənişli etmək üzrə apardığı test hökumət qurumlarının və qeyri-kommersiya təşkilatlarının səhifələrinə də təsir edib. Şirkət isə bu qurumların testə daxil edilməməli olduğunu bildirib.

Məsələn, ABŞ-ın Texas ştatındakı Qrinvill şəhərinin kitabxana səhifəsinə ayda yalnız iki link paylaşa biləcəyi barədə bildiriş gəlib. Əlavə linklər üçün ayda 50 dollar və ya daha baha olan "Meta One" abunəsi təklif edilib. Şəhərin kommunikasiya meneceri Daniel Starks bundan sonra linklərin paylaşımların şərhlərində yerləşdiriləcəyini açıqlayıb.

Engadget

İndianapolisdə ev heyvanları üçün yem bankları təşkil edən kiçik təşkilat da eyni məhdudiyyətlə üzləşib: ayda 20 link imkanı verən plan 150 dollara təklif olunub. Şimali Karolinadakı "SparkPoint" təşkilatının marketinq meneceri Jeff Bannister isə "səkkiz link üçün 50 dollar ağlasığmazdır" deyib.

"Meta" sözçüsü link paylaşımının "Meta One" abunəsinə daxil edilməsini sınaqdan keçirdiklərini və rəylərə əsasən təcrübəni dəyişəcəklərini bildirib. Daha sonra şirkət səhifələrin sistem tərəfindən tanınması üçün kateqoriya bölməsində "nonprofit" statusunu göstərməli olduğunu açıqlayıb.

Qeyd edək ki, "Meta" ödənişli link paylaşımını təxminən bir ildir sınaqdan keçirir. 14,99 dollarlıq ən ucuz plan "Facebook"da əlavə link imkanı vermir, 49,99 dollarlıq plan ayda səkkiz, 149,99 dollarlıq plan 20 link verir. Limitsiz paylaşım yalnız aylıq 499,99 dollarlıq planda mövcuddur. Şəxsi profillər bu məhdudiyyətdən azaddır.

Mənbə: Engadget