"Google"un Finlandiyadakı data mərkəzi layihəsi ilə bağlı cinayət işi açılıb
Polis şirkətin Finlandiyadakı törəmə qurumuna qarşı ətraf mühitə dəymiş ziyanla bağlı beş şikayət əsasında araşdırma başladıb.
Tom's Hardware xəbər verir ki, Finlandiya polisi "Google"un bu ölkədəki törəmə şirkəti "Tuike Finland Oy"ya qarşı cinayət araşdırması başladıb. Araşdırma Muhos şəhərindəki data mərkəzi layihəsi ilə bağlı daxil olmuş beş şikayət əsasında aparılır.
Polisin rəsmi açıqlamasına görə, şikayətlər ətraf mühitə dəyən ziyan və ekoloji qanunvericiliyin pozulması ilə bağlıdır. Nəşrin məlumatına əsasən, süni intellekt üçün nəzərdə tutulan obyektin tikintisi zamanı icazəsiz meşə qırılması baş verib və təxminən 816 akr meşə sahəsi məhv edilib.
Bildirilir ki, meşənin qırılmasından sonra canavarlar yaxınlıqdakı kəndlərə doğru üz tutub. Bundan başqa, Tom's Hardware obyektin istifadəyə verilməsinin yerli sakinlər üçün elektrik enerjisi ödənişlərini 40 faizə qədər artıra biləcəyini qeyd edib.
Hazırda araşdırma davam edir və şirkətin ittihamlarla bağlı mövqeyi mənbədə açıqlanmayıb.
Qeyd edək ki, "Google"un Finlandiyada uzun illərdir fəaliyyət göstərən data mərkəzi var: şirkət Hamina şəhərində keçmiş kağız fabrikinin binasında belə bir obyekt istismar edir. Süni intellekt sahəsində rəqabətin artması ilə texnologiya şirkətləri dünyanın müxtəlif ölkələrində yeni data mərkəzlərinin tikintisini sürətləndirib.
Mənbə: Tom's Hardware