Google 1,3 milyon "Android" cihazından ibarət "XCPE" botnetini zərərsizləşdirib

Şirkət zərərli proqramı cihazlara qəsdən yerləşdirməkdə ittiham etdiyi Çin istehsalçısı "Videostrong" ilə əməkdaşlığı dayandırıb.

BleepingComputer

BleepingComputer xəbər verir ki, "Google" tərəfdaşları ilə birlikdə 1,3 milyondan çox "Android TV" pristavkasından ibarət "XCPE" botnetini zərərsizləşdirib. Şirkətin sözlərinə görə, bu cihazlara zərərli proqramı istehsalçının özü qəsdən yerləşdirib.

"Google" botneti yüksək əminliklə Çinin "Videostrong Technology Co" şirkəti ilə əlaqələndirir. İddiaya görə, istehsalçı cihazların proqram təminatına daimi arxa qapı quraşdırıb və bu cihazlara çıxışı kibercinayətkarlara satıb. Onlar cihazlardan reklam fırıldaqçılığı, rezident proksi xidmətləri və əlavə zərərli proqramların yayılması üçün istifadə ediblər.

BleepingComputer

Əməliyyat zamanı ondan çox zərərli proqram ailəsinin istifadə etdiyi idarəetmə serverləri bağlanıb və əlavə ən azı 10 milyon yoluxmuş cihaza çıxış kəsilib. Bunlar arasında pristavkalar, karaoke aparatları və teletibb avadanlıqları var. "Google" həmçinin "Videostrong"un sertifikatlı "Android" cihazları istehsal etmək lisenziyasını ləğv edib. Əməliyyatda Yaponiyanın Milli Polis Agentliyi, "Lumen", "HUMAN Security", "Plume", "Synthient" və "TrendAI" şirkətləri iştirak edib.

Bununla belə, zərərli proqram cihazlardan silinməyib və silindikdə sistem bölməsindən avtomatik olaraq yenidən quraşdırılır. İstifadəçilərə təmiz proqram təminatı yükləmək və ya cihazı internetdən ayırmaq tövsiyə olunur.

Qeyd edək ki, "XCPE" əksər botnetlərdən fərqli olaraq zəifliklər vasitəsilə deyil, istehsal mərhələsində birbaşa cihazın proqram təminatına yerləşdirilib. "Synthient" şirkəti arxa qapını 2025-ci ilin sonunda alınmış "MECOOL KM9PRO Max" pristavkasında aşkar edib.

Mənbə: BleepingComputer