Fransa internet trafikinə vergi tətbiq etməyə hazırlaşır: hər gigabayt üçün 0,55 avro
Yeni qayda "Google", "Meta", "Netflix" və "Amazon" kimi şirkətləri hədəfləyir. Hökumət illik 10 milyard avro gəlir gözləyir.
Tom's Hardware xəbər verir ki, Fransa Milli Assambleyasının deputatları Fransadakı istifadəçilərə ötürülən internet trafikinin hər gigabaytına görə vergi tətbiqini nəzərdə tutan düzəlişi dəstəkləyiblər. Səsvermə oktyabrın 30-da keçirilib, təklif 11 səslə 10 səsə qarşı qəbul olunub və ölkənin növbəti büdcə layihəsinə daxil edilib.
Sosialist deputat Laurent Lhardit tərəfindən təqdim olunan düzəlişə əsasən, kontent provayderləri Fransadakı istifadəçilərə yaydıqları hər gigabayt məzmun üçün dövlətə 0,55 avro (təxminən 0,62 dollar) ödəməli olacaq. Təklifin müəllifləri bu verginin ildə təxminən 10 milyard avro (11,2 milyard dollar) gəlir gətirəcəyini hesablayıblar.
Vergi şirkətlərin reklam gəlirlərini, mənfəətini və ya abunələrini deyil, yaratdıqları internet trafikinin həcmini hədəfləyir. Layihənin izahat qeydlərində "Google", "Meta", "Netflix", "Amazon" və kontent çatdırılma şəbəkəsi "Akamai" əsas potensial ödəyicilər kimi göstərilib. Qaydaların necə tətbiq ediləcəyindən asılı olaraq "TikTok" və oxşar platformalar da bu verginin əhatəsinə düşə bilər.
Qeyd edək ki, düzəliş hökumət tərəfinin və maliyyə komitəsinin məruzəçisinin ciddi etirazına baxmayaraq qəbul edilib. Vergi hələ qüvvəyə minməyib: qanun olması üçün parlamentdə əlavə müzakirə və təsdiq mərhələlərindən keçməlidir.
Mənbə: Tom's Hardware