"Cursor" mağazasında saxta "Claude Code" genişlənməsi 5 minə qədər cihaza düşüb
Arxa qapı ilə təchiz olunmuş zərərli genişlənmə təxminən 11 saat ərzində yükləmə üçün əlçatan olub.
"Wired" xəbər verir ki, "SpaceX"-ə məxsus süni intellekt əsaslı proqram təminatı hazırlama platforması "Cursor"-un genişlənmə mağazasında "Anthropic" şirkətinin "Claude Code" genişlənməsinin zərərli versiyası yerləşdirilib. "Windows", "macOS" və "Linux" üçün nəzərdə tutulan genişlənmə cümə axşamı təxminən 11 saat ərzində mağazada qalıb.
Şirkətin açıqlamasına görə, saxta genişlənməni ən çox 5 min istifadəçi yükləyib. "Cursor" araşdırma zamanı mağazanı qısa müddətə bağlayıb və digər genişlənmələrin təsirlənmədiyini bildirib. Zərər çəkən istifadəçilər üçün təhlükənin aradan qaldırılması addımları da dərc olunub.
Zərərli genişlənmədə hücumçulara qurbanın cihazına giriş imkanı verən arxa qapı olub. Lakin proqramın dizaynındakı xəta onun hədəflərin böyük əksəriyyətində tam şəkildə yerləşməsinə mane olub. Genişlənməni ilk dəfə müştərisinin "Mac" kompüterində aşkarlayan "Phorion" şirkətinin həmtəsisçisi Calum Hall bunun hücumçu üçün çox təhlükəli dayaq nöqtəsi ola biləcəyini vurğulayıb.
Zərərli faylın mağazaya necə düşdüyü hələlik məlum deyil. "Anthropic" əməkdaşları Felix Rieseberg və David Dworken şirkətin sistemlərinin sındırılmadığını, saxta nüsxənin "Cursor" mağazasına çıxış əldə etmiş şəxs tərəfindən yayımlandığını bildiriblər. "Cursor" isə hadisənin öz sistemlərindəki pozuntu nəticəsində baş verib-vermədiyinə dair suala cavab verməyib.
Qeyd edək ki, "Anthropic" rəsmi kanallarda yayımlanan "Claude Code" versiyalarının təhlükəsiz olduğunu və hadisənin yalnız "Cursor" istifadəçilərinə aid olduğunu açıqlayıb.
Mənbə: Wired