Çində minlərlə "RTX 5090" süni intellekt serverləri üçün sökülür

Yayılan videoda sənaye miqyaslı emalatxanalarda yeni videokartların hissələrə ayrılaraq yenidən istifadəyə hazırlandığı görünür.

Tom's Hardware

Tom's Hardware xəbər verir ki, internetdə yayılan yeni video Çindəki sənaye emalatxanalarında "Nvidia"nın "GeForce RTX 5090" videokartlarının kütləvi şəkildə söküldüyünü göstərib. Kartlar süni intellekt sahəsindəki tələbatı ödəmək üçün yenidən istifadəyə hazırlanır.

Nəşrin yazdığına görə, görüntülər ölkədəki "boz bazar" süni intellekt əməliyyatlarının miqyasını üzə çıxarıb. Videoda tamamilə yeni videokartların minlərlə ədəd hissələrə ayrıldığı görünür.

Tom's Hardware bu prosesi "RTX 5090"un pərakəndə satış rəflərindən sürətlə yoxa çıxmasının əsas səbəblərindən biri kimi göstərib. Məlumata görə, söküntüyə həm tərəfdaş istehsalçıların fərdi modelləri, həm də "Nvidia"nın öz "Founders Edition" versiyaları məruz qalır.

Qeyd edək ki, "GeForce RTX 5090" hazırda bazardakı ən güclü istehlakçı videokartlarından biri hesab olunur. Süni intellekt modellərinin öyrədilməsi və işlədilməsi üçün yüksək performanslı qrafik prosessorlara tələbat son illərdə kəskin artıb.

Mənbə: Tom's Hardware