Britaniya tənzimləyicisi: "Apple" "Apple Pay" rəqiblərinin yolunu hələ də bağlayır

CMA tərtibatçıların yüksək ödənişlər və texniki məhdudiyyətlərdən şikayət etdiyini bildirib, şirkət isə təklifi rədd edib.

9to5Mac

9to5Mac xəbər verir ki, Böyük Britaniyanın Rəqabət və Bazarlar İdarəsi (CMA) "Apple" şirkətinin "iPhone" smartfonlarındakı NFC çipinə girişi qismən asanlaşdırmasına baxmayaraq, "Apple Pay"-ə alternativ xidmətlərin yaradılmasını hələ də çətinləşdirdiyini bildirib.

Tənzimləyicinin sözlərinə görə, tərtibatçılar "Apple"-ın təklif etdiyi kompromis şərtlərin rəqib ödəniş tətbiqləri hazırlamaq üçün praktik olmadığını deyiblər. CMA-nın baş icraçı direktoru Sara Kardell yüksək ödənişlərin, sərt şərtlərin və kontaktsız texnologiya ilə bağlı texniki məhdudiyyətlərin rəqiblərin rəqabət aparmasına mane olduğunu qeyd edib.

Bununla əlaqədar CMA şirkətin kontaktsız ödəniş çipi üzərindəki nəzarətinin yumşaldılması ilə bağlı ictimai müzakirəyə start verib. "Apple" isə təklifi rədd edərək, tənzimləyicinin şirkəti daha aşağı məxfilik və təhlükəsizlik qorumasına malik yanaşmaya məcbur etməməli olduğunu bildirib, lakin CMA ilə əməkdaşlığı davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, əvvəllər "iPhone"-dakı NFC çipindən kartla ödəniş üçün yalnız "Apple Wallet" tətbiqi istifadə edə bilirdi. Bu səbəbdən şirkət bir sıra ölkələrdə antiinhisar araşdırmaları ilə üzləşib. Avropa İttifaqında tərtibatçılar sənaye standartlarına cavab verdiklərini və lazımi lisenziyalara malik olduqlarını sübut etməklə çipə ödənişsiz giriş əldə edə bilirlər, istifadəçilər isə standart pulqabı tətbiqini seçmək imkanı qazanıb.

Mənbə: 9to5Mac