Avropada supermarket dondurucularına yeni kiberhücum: temperatur 50 dərəcəyə qaldırılıb
Belçika və İsveçdə hakerlər soyuducu qurğuları uzaqdan idarə edərək ərzaq ehtiyatlarını sıradan çıxarıblar.
Tom's Hardware "Bloomberg"-ə istinadən xəbər verir ki, Fransada supermarket soyuducularına qarşı həyata keçirilən kiberhücumdan bir neçə həftə sonra oxşar hücum Belçika və İsveçdəki supermarket şəbəkələrini hədəfə alıb.
Hücumun hədəfində Niderlandın "Ahold Delhaize" şirkətinə məxsus supermarketlər, həmçinin İsveçdəki "ICA" və "Coop" mağazaları olub. Hakerlər internet vasitəsilə idarə olunan dondurucularda temperaturu uzaqdan 50 dərəcə Selsiyə qədər qaldırıblar. Nəticədə məhsullar sürətlə ərimə prosesinə məruz qalıb və ehtimal ki, milyonlarla dollar dəyərində ərzaq məhv olub.
"Belga" xəbər agentliyinin məlumatına görə, Belçikada soyuducu qurğulara hücum bazar gecəsi təxminən saat 00:00-da başlayıb. Regionda soyuducu quraşdırma ilə məşğul olan "Sabcobel" şirkəti ölkə üzrə ən azı 20 qurğunun zərər çəkdiyini təxmin edir. Təsirə məruz qalan şəbəkələr arasında "Delhaize", "Carrefour" və "Spar" var.
Hakerlər dondurucuların daxili əritmə rejimini uzaqdan işə salaraq temperatur və əritmə müddəti parametrlərini dəyişiblər. Bu, Fransadakı hücumda istifadə olunan üsulun eynisidir.
Qeyd edək ki, bundan bir neçə həftə əvvəl Fransada supermarket soyuducularına qarşı "görünməmiş" adlandırılan kiberhücum baş vermiş və ərzaq ehtiyatları məhv olmuşdu.
Mənbə: Tom's Hardware