Araşdırma: bəzi ağıllı televizorlar izləmədən imtinadan sonra da məlumat göndərir
Northeastern Universiteti 10 istehsalçının 12 televizorunu yoxlayıb: "Samsung", "Roku" və "Vizio" modellərində imtina tam işləməyib.
The Verge xəbər verir ki, Northeastern Universitetinin tədqiqatçıları 10 istehsalçıya məxsus 12 ağıllı televizoru sınaqdan keçirərək avtomatik məzmun tanıma (ACR) funksiyasından imtinanın real nəticə verib-vermədiyini yoxlayıblar. Nəticələrə görə, "LG", "Amazon Fire TV", "Google TV" ilə işləyən "Sony Bravia" və "Vidaa OS" əsaslı televizorlarda imtina effektiv olub, "Samsung" və "Roku" isə müəyyən məlumatları göndərməyə davam edib.
ACR sistemləri ekranda oynayan səs və ya görüntüdən rəqəmsal "barmaq izi" yaradaraq istifadəçinin nə izlədiyini müəyyən edir. Bu məlumat tövsiyələr, baxış statistikası və hədəfli reklam üçün istifadə olunur.
Araşdırmaya əsasən, "Samsung"un "Tizen OS" sistemində imtinadan sonra trafik azalsa da, antena, HDMI və şirkətin öz xidmətlərində davam edib. "Roku OS" televizorlarında ACR "The Roku Channel" tətbiqində işləməyə davam edib, "Walmart"a məxsus "Vizio" televizorunda isə imtina trafikə ümumiyyətlə təsir göstərməyib. Tədqiqatçılar trafikin şifrələndiyini və onun məzmununu tam təsdiqləyə bilmədiklərini qeyd ediblər.
Tədqiqat zamanı "Vidaa OS"də boşluq da aşkarlanıb: alimlər üç saat ərzində 1 milyondan çox televizordan ACR nəticələrini əldə edə biliblər. Şirkət boşluğu təsdiqləyib və serverə giriş üçün avtorizasiya tələbi əlavə edib, lakin mesajlar hələ də şifrələnmədən göndərilir.
Qeyd edək ki, "Vizio" 2017-ci ildə istehlakçı məlumatlarının toplanması ilə bağlı ABŞ Federal Ticarət Komissiyası (FTC) ilə məhkəmə iddiasını razılaşma yolu ilə həll edib. Tədqiqatçılar ən sadə qorunma üsulu kimi televizoru internetdən ayırmağı və ACR işlətməyən striminq cihazından istifadəni tövsiyə ediblər.
Mənbə: The Verge