# "Anthropic" Elvis Preslinin mahnılarına görə məhkəməyə verilib

> İddiaya görə, şirkət müğənninin 274 mahnısını icazəsiz şəkildə "Claude" modellərinin təlimində istifadə edib.

- Mənbə: [INPUT.AZ](https://input.az)
- URL: https://input.az/xeberler/anthropic-elvis-preslinin-mahnilarina-gore-mehkemeye-verilib
- Dərc olunub: 26 oktyabr 2026, 12:32 (Bakı)
- Bölmə: Xəbərlər
- Teqlər: Anthropic, Süni intellekt, Müəllif hüquqları
- Mənbə: [Mashable](https://mashable.com/tech/anthropic-claude-elvis-presley-lawsuit-copyright)

!["Anthropic" Elvis Preslinin mahnılarına görə məhkəməyə verilib](https://inputaz.s3.eu-central-1.amazonaws.com/media/af3547c829fec948.webp)
_Mashable_

Mashable "Billboard"a istinadən xəbər verir ki, Elvis Preslinin əqli mülkiyyət hüquqlarının sahibləri "Anthropic" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. İddiaçıların sözlərinə görə, şirkət müğənninin 274 mahnısını icazəsiz olaraq "Claude" süni intellekt modellərini öyrətmək üçün istifadə edib. Bunların arasında "Can't Help Falling in Love", "Don't Be Cruel" və "Return to Sender" kimi hitlər də var.

Şikayətdə bildirilir ki, "Claude" lisenziya və razılıq olmadan Preslinin əsərlərini uyğunlaşdıran və ya kopyalayan məzmun yaradır. Sənəddə istifadəçilərin süni intellektdən mahnıları yenidən yaratmağı və yeniləməyi xahiş etdiyi hallar da göstərilib. İddiaçılara görə, nəticələr orijinallara çox yaxındır: eyni struktur, cüzi dəyişdirilmiş eyni nəqarətlər və tam bəndlər təkrarlanır.

"Anthropic" ittihamları rədd edib. Şirkət nümayəndəsi iddialarla razılaşmadıqlarını və işdə özlərini tam müdafiə edəcəklərini bildirib.

İddiaçılar şirkətin Preslinin mahnılarından istifadəsini qadağan edən daimi qərar, eləcə də hər əsər üçün 150 min dollaradək təzminat tələb edir. 274 mahnı nəzərə alınarsa, ümumi məbləğ 41,1 milyon dollara çata bilər.

Qeyd edək ki, "Anthropic" əvvəllər də əqli mülkiyyətin icazəsiz istifadəsinə görə bir neçə dəfə məhkəməyə verilib. "Sony Music Publishing" və "Warner Chappell Music" avqustda şirkətə qarşı iddia qaldırıb, "Universal Music Group" isə 2023-cü ilin oktyabrında və bu ilin yanvarında iki dəfə məhkəməyə müraciət edib. Bundan başqa, şirkət piratçı kitablarla bağlı müəlliflərin qaldırdığı kollektiv iddianı 1,5 milyard dollarlıq razılaşma ilə bağlayıb.
