"Anker" evin xaricini pəncərədən izləyən "Eufy Window Camera E10" kamerasını təqdim edib

Daxildə quraşdırılan kamera 2.5K görüntü, rəngli gecə görməsi və süni intellektlə hərəkət aşkarlanması təklif edir.

The Verge

The Verge xəbər verir ki, "Anker" evin içində quraşdırılaraq həyəti, avtomobil yolunu və ya giriş qapısını pəncərədən izləyən yeni təhlükəsizlik kamerası təqdim edib. "Eufy Window Camera E10" adlı cihaz artıq "Anker"in onlayn mağazasında və "Amazon"da 79,99 dollara satışdadır.

Kamera xüsusi yapışqanla birbaşa pəncərə şüşəsinə bərkidilir ki, bu da parıltı və əksləri azaldır. Cihaz açıq havada qalmadığı üçün ona hava şəraitindən qorunma tələb olunmur.

The Verge

"E10" saniyədə 15 kadr sürətlə 2688x1520 piksel, yəni 2.5K ayırdetmədə video çəkir. Görüş bucağı üfüqi 105, şaquli 57 dərəcədir. Arxadakı təkər vasitəsilə kameranın bucağını 25 dərəcə yuxarı və aşağı tənzimləmək mümkündür ki, bu da onu yuxarı mərtəbə pəncərələri üçün də uyğun edir.

Digər imkanlar sırasında rəngli gecə görməsi, insanları, heyvanları və nəqliyyat vasitələrini fərqləndirən süni intellekt əsaslı hərəkət aşkarlanması və bildirişlər var. Görüntülər 256 GB-a qədər microSD karta və ya əlavə abunə ilə buluda yazıla bilər. Cihazın akkumulyatoru olmadığı üçün daim elektrik kabelinə qoşulmalıdır.

Qeyd edək ki, oxşar konsepsiyalı "Wyze Window Cam" təxminən bir il əvvəl 34,98 dollara satışa çıxarılıb. Lakin "Wyze"ın kamerası yalnız 1080p ayırdetmə dəstəkləyir və görüş bucağı daha dardır.

Mənbə: The Verge