"Android"da "GhostMap" boşluğu: zərərli tətbiq cihazı sonsuz yenidən yüklənməyə salır

"Bitdefender" mütəxəssisləri heç bir icazə tələb etməyən tətbiqlə smartfonu yararsız hala salmağın mümkün olduğunu göstəriblər.

BleepingComputer

BleepingComputer xəbər verir ki, "Android" əməliyyat sistemində aşkarlanan "GhostMap" adlı zəiflik xüsusi hazırlanmış tətbiqə cihazı davamlı yenidən yüklənmə dövrünə salmağa imkan verir. Hücum üçün tətbiqin heç bir icazə istəməsi, hətta işə salınması belə tələb olunmur: onu sadəcə quraşdırmaq kifayətdir.

Zəifliyi rumıniyalı kibertəhlükəsizlik şirkəti "Bitdefender" bank troyanını təhlil edərkən aşkarlayıb. Problem iki "Android" kitabxanasının ZIP sıxılma metodlarını fərqli şərh etməsindən qaynaqlanır. Nəticədə səhv formalaşdırılmış APK faylı ölçü yoxlamalarından yayınaraq yaddaşın ayrılmamış hissəsinə xəritələnir və həmin sahəni oxumağa çalışan proses çökür.

Tədqiqatçılar sınaq zamanı "Android 17" və 5 avqust təhlükəsizlik yeniləməsi ilə işləyən "Pixel 10" smartfonundan istifadə ediblər. Tətbiq quraşdırıldıqdan təxminən bir saniyə sonra əsas sistem xidməti olan "system_server" zərərli resursu oxumağa çalışaraq çöküb və bu dövr normal rejimdə 110, təhlükəsiz rejimdə isə 72 dəfə təkrarlanıb. Şirkətin sözlərinə görə, problem təhlükəsiz rejimə keçidi də əngəlləyir.

Cihazı bərpa etmək üçün yalnız iki yol var: bütün məlumatları silən zavod sıfırlaması və ya ADB vasitəsilə zərərli faylın silinməsi. Lakin ikinci üsul üçün cihazda sazlama rejimi əvvəlcədən aktiv olmalıdır.

Qeyd edək ki, "Bitdefender" problemi 20 avqustda "Google"a bildirib, lakin şirkət onu "təkrarlana bilməyən" kimi qiymətləndirərək düzəliş buraxmayıb. 25 avqustda göndərilən genişləndirilmiş hesabat da təhlükəsizlik yeniləməsinin əhatəsindən kənar sayılıb, ancaq gələcək yeniləmələrdə nəzərdən keçirilməsi ehtimalı qeyd olunub.

Mənbə: BleepingComputer