The Register xəbər verir ki, "Food Lion", "Giant Food" və "Stop & Shop" kimi ABŞ supermarket şəbəkələrinin sahibi olan Niderland şirkəti "Ahold Delhaize" kiberhücuma məruz qaldığını təsdiqləyib. Hücum nəticəsində şirkət ABŞ və Avropadakı brendlərinin əksəriyyətində İT sistemlərini, o cümlədən saytları və tətbiqləri oflayn rejimə keçirib.
Şirkət insidentlə bağlı ilk dəfə oktyabrın 12-də məlumat yayıb. Bazar ertəsi isə problemin "başqalarının zərərli hərəkətləri" nəticəsində yarandığını açıqlayıb. Şirkətin prezidenti və baş icraçı direktoru Frans Muller bildirib ki, sistemlərin söndürülməsi ehtiyat tədbiri olub və araşdırma bunun düzgün qərar olduğunu təsdiqləyib.
Hazırda bütün fiziki mağazalar açıqdır və araşdırma müştəri, işçi və ya tərəfdaşların həssas məlumatlarının oğurlandığına dair sübut aşkarlamayıb. Şirkət Niderland Milli Kibertəhlükəsizlik Mərkəzini məlumatlandırıb və polisə müraciət edib. "Albert Heijn"in saytı və tətbiqi yenidən işləyir, evə çatdırılmanın cümə günü bərpa olunacağı gözlənilir. ABŞ brendlərində onlayn satışın yaxın günlərdə bərpası planlaşdırılır.
Şirkət hücumun oktyabrın 11-dən Fransada yüzlərlə supermarketdə soyuducu idarəetmə sistemlərinə edilən hücumlarla əlaqəli olub-olmadığı barədə suallara dərhal cavab verməyib. Həmin hücumlarda temperatur 50°C-yə qədər qalxıb, məhsullar xarab olub, bəzi yerlərdə yanğınlar baş verib.
Qeyd edək ki, bu, "Ahold Delhaize"in iki il ərzində məruz qaldığı ikinci kiberhücumdur. 2024-cü ilin noyabrında baş verən hücumun məsuliyyətini "INC Ransom" qrupu öz üzərinə götürmüşdü və şirkət sonradan 2,2 milyondan çox insanın şəxsi, maliyyə və sağlamlıq məlumatlarının ələ keçirildiyini müəyyən etmişdi.
Mənbə: The Register
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər




