ABŞ Hərbi Hava Qüvvələri kosmosdan yük kapsulu ataraq sınaq keçirib
"SpaceX"-in "Starfall" kapsulu hərbi təchizatla birlikdə Sakit okeana enib. Məqsəd dünyanın istənilən nöqtəsinə sürətli yük çatdırmaqdır.
Tom's Hardware xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin elmi-tədqiqat qolu olan Hava Qüvvələri Tədqiqat Laboratoriyası (AFRL) "Rocket Cargo" imkanlarını uğurla sınaqdan keçirib. Bu texnologiya hərbi bölmələrin kosmosdan atılan yük kapsulları vasitəsilə təchiz olunmasına imkan verəcək.
AFRL-in "X" sosial şəbəkəsindəki paylaşımına görə, yüklər "SpaceX"-in "Starfall" kapsulunda yerləşdirilib. Kapsul "Bandwagon-5" adlı birgə buraxılış missiyası çərçivəsində "Falcon 9" raketi ilə Kanaveral burnundakı Kosmik Qüvvələr stansiyasından orbitə çıxarılıb və sınaq üçün Sakit okeana enib.
Kapsulun içində hazır quru yeməklər (MRE), butulka suyu, peyk rabitəsi ilə işləyən izləmə cihazı, ehtiyat batareyalar və digər avadanlıq olub. Laboratoriya həmçinin gələcək sınaqlar üçün "UNI-PAC III" xilasetmə qayığının kapsula sığıb-sığmadığını yoxlayıb.
Missiya "Rocket Cargo" layihəsinin nöqtədən-nöqtəyə çatdırılma (P2D) imkanlarını sınamaq məqsədi daşıyıb. Bu yanaşma qüvvələrin, xüsusilə aktiv döyüş gedən ərazilərdə, təyyarə və ekipajları riskə atmadan dünyanın demək olar ki, istənilən yerində təchiz olunmasını nəzərdə tutur.
Qeyd edək ki, "Bandwagon" missiyaları "SpaceX"-in bir neçə müştərinin yükünü eyni raketlə orbitə çıxardığı birgə buraxılış proqramıdır, "Falcon 9" isə şirkətin əsas təkrar istifadə olunan raketidir.
Mənbə: Tom's Hardware