ABŞ Daxili Təhlükəsizlik Nazirliyi federal qurumlarda "DeepSeek"i qadağan edib
Qərar çinli şirkətin yeni süni intellekt modelini təqdim etməsindən bir neçə gün sonra qəbul olunub.
Engadget xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DHS) bütün federal mülki qurumlarda və onların informasiya texnologiyaları sistemlərində "DeepSeek" məhsullarının istifadəsini qadağan edib. Bu barədə bildiriş "Federal Register" nəşrində dərc olunub.
Nazirlik bildirişdə qeyd edib ki, "DeepSeek"dən istifadə ABŞ hökumət əməkdaşlarının və podratçılarının həssas məlumatlarının Çin hökumətinə ötürülməsi ilə nəticələnə bilər. Bundan əlavə, şirkətin modellərində zərərli proqram təminatı və ya digər təhlükəsizlik boşluqlarının ola biləcəyi vurğulanıb.
Qərara əsasən, Ətraf Mühitin Mühafizəsi Agentliyi və Federal Rabitə Komissiyası kimi mülki qurumlar "DeepSeek" məhsullarından istifadə etməməli, mövcud olanları isə sistemlərindən silməlidir. Bildiriş həmçinin şirkətin federal hökumət müqavilələrində iştirakını da qadağan edir.
Qeyd edək ki, qadağa "DeepSeek"in "daha ağıllı, daha sürətli və daha səmərəli" adlandırdığı yeni "V4.1-Flash-1017" modelini təqdim etməsindən bir neçə gün sonra gəlib. Çinli şirkətin daha ucuz modelləri "ChatGPT" və "Gemini" ilə rəqabət aparmağa başlayıb. Ötən il iki ABŞ konqresmeni "DeepSeek" çatbotunun hökumət cihazlarında qadağan edilməsini nəzərdə tutan qanun layihəsi təklif etmişdi.
Mənbə: Engadget