# "Disney" "Character.AI"-ın iflası ilə məhkəmə risklərindən yayınmağa çalışır

> Məhkəmə sənədlərinə görə, iflas "Disney"in startapın əməkdaşlarını və texnologiyasını məsuliyyət daşımadan əldə etməsinə imkan verən sövdələşmənin hissəsidir.

- Mənbə: [INPUT.AZ](https://input.az)
- URL: https://input.az/startaplar/disney-character-ai-in-iflasi-ile-mehkeme-risklerinden-yayinmaga-calisir
- Dərc olunub: 20 oktyabr 2026, 14:32 (Bakı)
- Bölmə: Startaplar
- Teqlər: Disney, Character.AI, Süni intellekt
- Mənbə: [Wired](https://wired.com/story/disney-asked-characterai-to-go-bankrupt-for-a-get-out-of-lawsuits-card)

!["Disney" "Character.AI"-ın iflası ilə məhkəmə risklərindən yayınmağa çalışır](https://inputaz.s3.eu-central-1.amazonaws.com/media/3b0c4b5ece8abb3c.webp)
_Wired_

Wired xəbər verir ki, bu həftə iflas elan edən "Character.AI" platformasının bu qərarı "Disney" ilə bağlanmış sövdələşmənin əsas şərtlərindən biri olub. Məhkəmə sənədlərinə əsasən, "Disney" startapın əksər əməkdaşlarını, o cümlədən keçmiş baş icraçı direktor Karandeep Anandı işə götürüb və şirkətin texnologiyasının böyük hissəsini əldə etməyə hazırlaşır.

Sənədlərdə qeyd olunur ki, "Disney" startapın azalan pul ehtiyatları, ciddi məhkəmə və tənzimləmə riskləri səbəbindən sövdələşmənin iflas prosesi vasitəsilə tamamlanmasını tələb edib. Sentyabrda "Disney" startapa 5,5 milyon dollar və geri qaytarıla bilən 2 milyon dollarlıq depozit ödəyib. "Character.AI" 12 oktyabrda iflas üçün ərizə verib.

İflas prosesində "Disney" şirkətin kodu, təhlükəsizlik moderasiyası, təlim infrastrukturu və yaş müəyyənetmə texnologiyası üzrə daimi, qeyri-eksklüziv lisenziya almaq istəyir. Lisenziya hərracda satılacaq və "Disney" qalib gələrsə, əlavə 12,5 milyon dollar ödəyəcək. İstifadəçi məlumatları və sayt bu siyahıya daxil deyil. Sövdələşmə şərtlərinə görə, bütün hüquqi öhdəliklər "Character.AI"-da qalacaq.

Memfis Universitetinin hüquq professoru John Newman bu strukturu qeyri-adi adlandırıb: "Şirkətlərin məsuliyyətsiz nəzarət həyata keçirməsinə imkan vermək cəmiyyət üçün zərərlidir".

Qeyd edək ki, 2024-cü ilin avqustunda "Google" da startapın texnologiyasını lisenziyalaşdırmaq üçün 2,7 milyard dollar ödəyib və təsisçilərini işə götürüb. "Character.AI" çatbotlarının təhlükəsizliyi ilə bağlı bir sıra məhkəmə iddiaları ilə üzləşib, şirkət barəsində isə 46 ştat və ərazi tərəfindən araşdırma aparılır.
