"Readwise" "Kindle" və "Goodreads"ə rəqib olan "Readwise Books" tətbiqini təqdim edib

Yeni tətbiq elektron kitab mağazası, oxu platforması və ətraflı oxu statistikasını bir yerdə birləşdirir.

TechCrunch

TechCrunch xəbər verir ki, oxu tətbiqləri ilə tanınan "Readwise" startapı "Amazon"un elektron kitab bazarına rəqib olaraq "Readwise Books" adlı yeni tətbiqini təqdim edib. Şirkət onu "Kindle" ilə "Goodreads"in qarışığı kimi xarakterizə edib: tətbiqdə kitab almaq, oxumaq və oxunanları izləmək mümkündür.

Tətbiq oxunan söz sayı, oxu sürəti, dərinlik, diqqət səviyyəsi və oxu seansları kimi ətraflı statistika təqdim edir. Şirkət bunu qaçış tətbiqinə işarə edərək "oxu üçün Strava" adlandırıb. Mağazada ilkin olaraq ABŞ-da "böyük beşlik" nəşriyyatlar daxil olmaqla milyonlarla elektron kitab, həmçinin çap kitabları və bəzi audiokitablar satılır.

TechCrunch

İstifadəçilər DRM qorumasız EPUB fayllarını yükləyə, "Kindle Cloud Reader" vasitəsilə oxu seanslarını izləyə və kağız kitabların şəklini çəkərək irəliləyişlərini qeyd edə bilərlər. Tətbiq mətni səsləndirmə funksiyasına da malikdir. Nəşriyyatların icazəsi ilə süni intellekt əsaslı xülasə, tərcümə və mətn üzrə sual vermə imkanları da əlavə olunur, hələlik buna yalnız "HarperCollins" razılıq verib.

"Readwise Books" pulsuz qalacaq, lakin bəzi süni intellekt funksiyaları sonradan ödənişli olacaq. Tətbiq hazırda beta mərhələsindədir və dəvət tələb edir, mövcud abunəçilər isə ondan birbaşa istifadə edə bilər.

TechCrunch

Qeyd edək ki, "Kindle+" xidməti də nəzərə alınmaqla "Amazon"un "Kindle" mağazası elektron kitab bazarının 83 faizinə nəzarət edir. "Readwise"ın digər tətbiqləri isə ayrı-ayrılıqda ayda 7,99 dollar, birlikdə 9,99 dollara təklif olunur.

Mənbə: TechCrunch