# "YouTube" mobil tətbiqində "Abunələr" bölməsini alt paneldən çıxarır

> Platforma ana səhifəni yeniləyərək istifadəçilərin öz sözləri ilə yarada biləcəyi fərdi lentləri də təqdim edib.

- Mənbə: [INPUT.AZ](https://input.az)
- URL: https://input.az/proqram/youtube-mobil-tetbiqinde-abuneler-bolmesini-alt-panelden-cixarir
- Dərc olunub: 23 oktyabr 2026, 06:00 (Bakı)
- Bölmə: Proqram
- Teqlər: YouTube, Google
- Mənbə: [9to5Google](https://9to5google.com/2026/10/22/youtube-subscriptions-android-ios)

!["YouTube" mobil tətbiqində "Abunələr" bölməsini alt paneldən çıxarır](https://inputaz.s3.eu-central-1.amazonaws.com/media/0e8d37153100e348.webp)
_9to5Google_

9to5Google xəbər verir ki, "YouTube" "Android" və "iOS" tətbiqlərində bir sıra dəyişikliklər edir. Bu dəyişikliklərdən biri təxminən on ildir alt paneldə yer alan "Abunələr" (Subscriptions) bölməsinin oradan çıxarılmasıdır.

Bölmə artıq ana səhifənin yuxarı panelinə köçürülüb və "Home" bölməsindən sonra ikinci sırada "Subs" adı ilə göstərilir. Yenilənmiş dizaynın sınaqlarına bu ilin əvvəlində başlanılıb. Bundan əlavə, yuxarı paneldə "Live", "Music" və "Movies & TV" lentləri də yer alır. Sonuncu yalnız aktiv abunəsi olan istifadəçilərə görünür.

!["YouTube" mobil tətbiqində "Abunələr" bölməsini alt paneldən çıxarır](https://inputaz.s3.eu-central-1.amazonaws.com/media/fa303489653422cb-1600x900.webp)
_9to5Google_

Dəyişiklik fərdi lentlərin təqdimatı ilə eyni vaxta təsadüf edib. İstifadəçilər "+" düyməsinə toxunaraq görmək istədikləri mövzunu, kanalları və ya ab-havanı öz sözləri ilə təsvir edə və onlara uyğunlaşdırılmış yeni lent əldə edə bilərlər. Bu lentlər veb versiya ilə də sinxronlaşdırılır.

Ödənişsiz istifadəçilər 3-ə qədər aktiv fərdi lent saxlaya bilər, "YouTube Premium" abunəçiləri üçün isə bu say 8-dir. Funksiya ilk olaraq ABŞ-da hesaba daxil olmuş istifadəçilər üçün ingilis dilində mobil və masaüstü versiyalarda təqdim olunur.

Qeyd edək ki, "Abunələr" bölməsi "YouTube" tətbiqinin alt panelində 2017-ci ildən yer alırdı. Şirkət gələcəkdə fərdi lentləri daha çox ölkədə əlçatan etməyi planlaşdırır.
