"TikTok" restoran bələdçisi "Must Eat"i təqdim edib: "Yelp" və "Google Maps"a rəqib

Yeni bölmə platformadakı 40 milyon paylaşım, rəy və şərh əsasında restoran tövsiyələri hazırlayır.

The Verge

The Verge xəbər verir ki, "TikTok" tətbiqin daxilində "Must Eat" adlı restoran bələdçisini istifadəyə verib. Yeni funksiya "Yelp" və "Google Maps" kimi platformalarla rəqabət aparmaq məqsədi daşıyır.

Bölmə platformada yemək mövzusunda paylaşılmış 40 milyon video, rəy və şərh əsasında qurulub. İstifadəçilər restoranlara rəy yaza, zəng edib rezervasiya edə, xəritədə yaxınlıqdakı məkanları axtara və bəyəndikləri yerləri sonraya saxlaya bilirlər. "TikTok"un ABŞ üzrə baş icraçı direktoru Adam Presser "Must Eat"i platformada yerli restoranlar haqqında gedən bütün müzakirələrin toplusu adlandırıb.

"Must Eat" "gündəlik yeməklər" və "yüksək səviyyəli restoranlar" kimi iki kateqoriyaya bölünüb. Nəticələri reytinq, məsafə, mətbəx növü və hazırda açıq olub-olmamasına görə süzgəcdən keçirmək mümkündür, hər restoranın səhifəsində isə onun haqqında çəkilmiş videolar yer alır. Şirkət restoranların siyahılara pul ödəyərək düşə bilmədiyini bildirib.

Funksiya ilkin olaraq yalnız Nyu-York, Los-Anceles və San-Fransisko körfəzi ərazisində əlçatandır. "Must Eat" bu ilin əvvəlində təqdim olunan və tətbiq vasitəsilə otel və attraksionları bron etməyə imkan verən "TikTok Go" funksiyasının genişləndirilmiş versiyasıdır.

Qeyd edək ki, "TikTok"un məlumatına görə, ötən il ABŞ-da 27 milyon insan platforma sayəsində ilk dəfə hansısa restoran, kafe və ya mağazaya gedib. Yemək videolarının populyarlığı hətta restoranların menyusuna və yeməklərin təqdimat üsuluna da təsir göstərib.

Mənbə: The Verge