Tərtibatçı "Windows 11 26H2"ni cəmi 128 MB operativ yaddaşla işə salıb
"Tiny11" layihəsinin müəllifi NTDEV əməliyyat sisteminin minimum tələbinin təxminən 3 faizi ilə işləyə bildiyini nümayiş etdirib.
Tom's Hardware xəbər verir ki, "Tiny11" layihəsi ilə tanınan tərtibatçı NTDEV "Windows 11"in ən son versiyası olan "26H2"ni cəmi 128 MB operativ yaddaşı olan sistemdə işə salmağı bacarıb. Tərtibatçı bununla bağlı videonu "YouTube"da paylaşıb.
Ciddi şəkildə sadələşdirilmiş quraşdırma yaddaş məhdudiyyətinə baxmayaraq iş masasını və "File Explorer"i yükləyə bilib. Sistemdə "Başlat" menyusuna daxil olmaq və klassik "Notepad" tətbiqini açmaq da mümkün olub.
Bununla belə, NTDEV sistemin "dözülməz dərəcədə yavaş" işlədiyini etiraf edib. Bu səbəbdən təcrübə köhnə kompüterlərdə "Windows 11"dən istifadə üçün praktik üsuldan çox, texniki eksperiment kimi qiymətləndirilir.
Tərtibatçı nəticəyə nail olmaq üçün hansı komponentlərin silindiyi və ya söndürüldüyü barədə ətraflı məlumat paylaşmayıb. Layihə onun illərdir apardığı sadələşdirilmiş "Windows" quraşdırmaları üzrə təcrübələrə əsaslanır.
Qeyd edək ki, "Microsoft"un rəsmi tələblərinə görə, "Windows 11" üçün ən azı 4 GB operativ yaddaş lazımdır. Bu o deməkdir ki, NTDEV-in son təcrübəsində tövsiyə olunan minimumun cəmi 3,125 faizindən istifadə edilib.
Mənbə: Tom's Hardware