Microsoft "Surface Laptop Ultra" üçün xətaları düzəldən yeniləmə buraxıb
Yeni proqram təminatı ekranın titrəməsi, gözlənilməz yenidən başlama və uzun yüklənmə müddəti problemlərini aradan qaldırır.
The Verge xəbər verir ki, "Microsoft" satışa çıxarılarkən bir sıra xətalarla müşayiət olunan "Surface Laptop Ultra" noutbuku üçün yeni proqram təminatı yeniləməsi təqdim edib. 22 oktyabrda yayımlanan yeniləmə ekranın titrəməsi, cihazın gözlənilmədən yenidən başlaması və uzun çəkən yenidən yüklənmə problemlərini həll edir.
Şirkətin açıqlamasına görə, yeniləmə həmçinin dəqiqləşdirilməyən əlavə xəta düzəlişləri və ümumi performans təkmilləşdirmələri ehtiva edir. "Microsoft" quraşdırmanı tamamlamaq üçün istifadəçilərə cihazı yenidən başlatmağı tövsiyə edib.
Yeniləmə bütün "Surface Laptop Ultra" cihazlarına göndəriləcək, lakin hamısı onu eyni vaxtda almayacaq. Gözləmək istəməyən istifadəçilər yeniləməni şirkətin drayver və proqram təminatı səhifəsindəki təlimatlar əsasında əl ilə quraşdıra bilərlər. Quraşdırılan yeniləməni silmək və ya əvvəlki versiyaya qaytarmaq mümkün deyil.
Qeyd edək ki, The Verge əməkdaşı Tom Warren noutbuku sınaqdan keçirərkən cihazın yenidən başlamasının "təəccüblü dərəcədə yavaş" olduğunu, pəncərələri sürətlə hərəkət etdirərkən ekranda iz qaldığını müşahidə edib. O, həmçinin bir neçə dəfə dinamiklərdə yüksək səsli parazit səslərlə qarşılaşıb. Nəşr bu problemin də yeniləmə ilə həll olunub-olunmadığını "Microsoft"dan soruşub.
Mənbə: The Verge