"Claude Code" Mac kompüterində gizli kriptomayner aşkarlayıb: "Onu mən qoymamışam"

Temperatur monitorinqi tətbiqi hazırlayan istifadəçi kompüterinin niyə həddindən artıq qızdığını süni intellekt köməkçisi sayəsində öyrənib.

9to5Mac

9to5Mac xəbər verir ki, "Reddit" istifadəçisi "Claude Code" süni intellekt aləti ilə Mac üçün temperatur monitorinqi tətbiqi hazırlayarkən kompüterində kriptomayner aşkarlanıb. Süni intellekt özbaşına əlavə etdiyi şərhdə bu proqramı özünün quraşdırmadığını da bildirib.

UntilHEX ləqəbli istifadəçinin paylaşdığı hesabata görə, "Claude" sensorların dəqiqliyini yoxlayarkən "xmrig" adlı prosesin prosessor resursunun təxminən 1175 faizini, yəni təxminən 12 nüvəni istifadə etdiyini görüb. Süni intellekt kompüterin yüksək temperaturunu məhz bununla izah edib, prosessorun temperaturunun 112 dərəcəyə qədər yüksəldiyini qeyd edib.

"Claude"un kimsə soruşmadan "onu mən qoymamışam" deməsi bəzi istifadəçilərdə şübhə yaradıb. "Reddit"də fikirlər bölünüb, lakin 9to5Mac-in qiymətləndirməsinə görə, bu ifadə nəzarətdən çıxmış süni intellektdən çox, modelin təlim prosesinin yan təsiri ola bilər.

Qeyd edək ki, "xmrig" kriptovalyuta hasilatı üçün istifadə olunan proqramdır və icazəsiz quraşdırıldıqda kompüterin resurslarını gizli şəkildə sərf edərək cihazın qızmasına səbəb olur. Xəbəri ilk olaraq Macworld yayıb.

Mənbə: 9to5Mac