The Verge xəbər verir ki, "Google" "Chrome" brauzeri üçün yeni təhlükəsizlik funksiyasını istifadəyə verib. Funksiya istifadəçiyə saytı açmazdan əvvəl onun nə dərəcədə zərərli ola biləcəyi barədə məlumat verir və yalnız "Enhanced Protection" rejimi aktiv olduqda işləyir.
Brauzer saytın fişinq, zərərli proqram təminatı və fırıldaqçılıqla əlaqəli digər saytlara oxşar xüsusiyyətlərini aşkar etdikdə onu "şübhəli" kimi işarələyəcək. "Google" bu xəbərdarlığı daha aşağı əminlik səviyyəli qərar kimi təsvir edib: sayt səhvən işarələnə bilər, lakin istifadəçiyə yalnız tam əmin olduqda keçid etmək tövsiyə olunur. "Təhlükəli" saytlar isə yüksək risk daşıdığı üçün ümumiyyətlə açılmamalıdır.

Xəbərdarlıqları ilk baxışdan fərqləndirmək mümkündür. Şübhəli saytlar üçün həm kompüterdə, həm də mobil cihazlarda açılan pəncərə göstəriləcək, səhifə isə arxa planda qaralmış halda görünəcək. Burada sayt səhvən işarələnibsə, "Mark as safe" seçimi də təqdim olunur. Təhlükəli saytlarda isə xəbərdarlıq demək olar ki, bütün ekranı tutur və səhifə qırmızı fonla əvəzlənir.
Qeyd edək ki, oxşar iki mərhələli sistem "Chrome"da 2024-cü ildə fayl yükləmələri üçün tətbiq olunub. Şirkət həmçinin "Enhanced Protection" istifadəçiləri üçün "Gemini" əsaslı fırıldaqçılıq aşkarlama funksiyasını da təkmilləşdirib.
Mənbə: The Verge
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər




