"ChatGPT"də söhbətləri PIN kod və Face ID ilə kilidləmək mümkün olacaq
"OpenAI" şəxsi yazışmaları cihazdan istifadə edən digər insanlardan qorumaq üçün yeni "Locked Chats" funksiyasını təqdim edib.
TechCrunch xəbər verir ki, "OpenAI" "ChatGPT" istifadəçilərinə söhbətləri kilidləmək imkanı verib. Kilidlənmiş söhbətləri dörd rəqəmli PIN kodla, dəstəklənən cihazlarda isə "Face ID" və ya "Touch ID" vasitəsilə qorumaq olar.
Şirkət bildirib ki, funksiya şəxsi mövzuların müzakirəsi və ya sürpriz planlaşdırılması kimi hallar üçün nəzərdə tutulub. Kilidlənən söhbət ayrıca "Locked Chats" bölməsinə köçürülür və adi tarixçədə, bərkidilmiş söhbətlərdə və axtarış nəticələrində görünmür. Müvəqqəti söhbətlərdən fərqli olaraq, bu yazışmalara istənilən vaxt qayıtmaq mümkündür.
Yaddaş funksiyası aktiv olduqda kilidli söhbətlər öz ayrıca yaddaşından istifadə edir və buradakı yeni məlumatlar adi söhbətlərə keçmir. Bununla yanaşı, "OpenAI" qeyd edib ki, kilidləmə uçdan-uca şifrələmə yaratmır, məlumatların saxlanma müddətini dəyişmir. PIN kod sıfırlandıqda isə bütün kilidli söhbətlər və fayllar birdəfəlik silinir.
Funksiya müvəqqəti, arxivləşdirilmiş, qrup söhbətlərində, paylaşılan linkdən yaradılan, planlaşdırılmış tapşırıqlı və görüş yazıları olan söhbətlərdə işləmir.
Qeyd edək ki, yenilik "ChatGPT"nin Free, Go, Plus, Pro, Business, Enterprise və Edu planlarında əlçatan olacaq, lakin "ChatGPT for Healthcare" üçün təqdim edilmir. Funksiya mərhələli şəkildə yayılır, buna görə hələ bütün istifadəçilərdə görünməyə bilər.
Mənbə: TechCrunch