9to5Mac xəbər verir ki, "The Browser Company" şirkəti "Arc" brauzerinin fəaliyyətini dayandıracağı tarixi açıqlayıb. Brauzer 22 dekabr 2026-cı ildə tamamilə bağlanacaq və istifadəçilərin başqa brauzerə keçmək üçün düz iki ay vaxtı var.

Şirkət bildirib ki, "Arc" üzərində illərlə çalışıb və bu qərarı vermək asan olmayıb. Bundan sonra mühəndislik və təhlükəsizlik komandaları yeni "Dia" brauzerinə fokuslanacaq. Şirkətin sözlərinə görə, süni intellekt dövründə brauzerin təhlükəsizliyini qorumaq daha çox iş tələb edir, "Dia" isə müasir təhlükəsizlik standartlarına uyğun olaraq sıfırdan hazırlanıb.

"The Browser Company" keçidlə bağlı bir neçə məqamı da vurğulayıb. Parollar, əlfəcinlər, genişləndirmələr və tarixçə "Dia"ya problemsiz köçürülür. "Spaces", qovluqlar və tab qrupları da məlumatlarla birlikdə idxal olunur. Şirkət həmçinin "Dia"nın sabitlik, sürət və təhlükəsizlik baxımından "Arc"ı üstələdiyini, "Arc"dakı funksiyaların pulsuz olduğunu və süni intellektin istifadəsinin isteğe bağlı qaldığını bildirib.

Qeyd edək ki, "Arc"ın inkişafının dayandırıldığı ötən ilin may ayından məlum idi. Bu il "OpenAI" da süni intellektə əsaslanan "Atlas" brauzerini "ChatGPT" tətbiqinin daxili brauzeri xeyrinə bağlayıb.