Apple tanışlıq və süni intellekt "sevgili" tətbiqləri üçün 18+ yaş həddi tətbiq edir

Noyabrın 16-dan etibarən tərtibatçılar tətbiqlərində yer paylaşımı və tanışlıq funksiyalarının olub-olmadığını bəyan etməli olacaqlar.

9to5Mac

9to5Mac xəbər verir ki, "Apple" "App Store" üçün yeni yaş reytinqi tələblərini açıqlayıb. Dəyişikliklər yer paylaşımı, eləcə də tanışlıq və münasibət funksiyaları olan tətbiqlərə aiddir.

Şirkətin tərtibatçılar üçün bloqunda verdiyi məlumata görə, noyabrın 16-dan başlayaraq tərtibatçılar "App Store Connect"-də yaş reytinqi sorğusunu doldurarkən tətbiqlərində bu funksiyaların olub-olmadığını göstərməlidirlər. Tanışlıq və münasibətlər kateqoriyasına real insanlar arasında əlaqə qurmağa imkan verən funksiyalar, həmçinin istifadəçi ilə seksual və ya romantik məzmunda ünsiyyət quran virtual yoldaşlar daxildir.

"Apple" bildirib ki, belə funksiyaları olan tətbiqlər minimum 18+ yaş reytinqi alacaq. Yer paylaşımı funksiyası isə bəzi regionlarda minimum yaş reytinqinə təsir etməyə bilər.

Braziliyada yerli qanunvericiliyə əsasən, yer paylaşımı olan tətbiqlər A16, tanışlıq funksiyalı tətbiqlər isə A18 reytinqi almalıdır. Lakin tərtibatçılar, məsələn, valideyn və uşaqların yerini paylaşmaq üçün nəzərdə tutulmuş tətbiqlər üçün ölkənin Ədliyyə və İctimai Təhlükəsizlik Nazirliyindən daha aşağı reytinq tələb edə bilərlər.

Qeyd edək ki, tərtibatçılar bu bəyannamələri tətbiq yeniləməsi göndərərkən və ya yaş reytinqi sorğusunu dəyişərkən təqdim etməlidirlər. Bütün tətbiqlər üçün son tarix 2027-ci il yanvarın 12-si müəyyənləşdirilib.

Mənbə: 9to5Mac