"Amazon" ağıllı evi idarə etmək üçün interaktiv 3D xəritə təqdim edib
"Alexa Home Map" evdəki cihazları real yerləşdikləri nöqtədə göstərir və onları birbaşa xəritə üzərindən idarə etməyə imkan verir.
Engadget xəbər verir ki, "Amazon" yeni "Echo" cihazları ilə yanaşı "Alexa Home Map" adlı ağıllı ev interfeysini də təqdim edib. Şirkət onu evi görməyə və idarə etməyə imkan verən interaktiv 3D xəritə kimi təsvir edir.
"Google Home" və "Apple Home" kimi tətbiqlər cihazları siyahı və ya kartlar şəklində göstərdiyi halda, yeni xidmət evin rəqəmsal planını yaradır. Lampalar və dinamiklər evdə olduqları yerdə animasiyalı ikonlar kimi görünür. İşıqlar ayarlandıqları rəng və parlaqlıqda parlayır, musiqi çalan dinamikin ətrafında isə notlar hərəkət edir.
Xəritə xarici təhlükəsizlik kameraları ilə də işləyir və evin ətrafından keçən avtomobil və piyadaları real vaxtda vizual şəkildə göstərir. Bu vizual üslub "Tesla"nın sürüş vizuallaşdırmasından ilhamlanıb. Nümayiş zamanı xəritə yerli hava şəraitinə uyğun olaraq qar və yağışı da əks etdirib.
Quraşdırma üçün istifadəçi ünvanını daxil edir, evin xarici görünüşü avtomatik yaranır. Daha sonra uyğun "iPhone" ilə ev gəzilərək LIDAR vasitəsilə daxili hissə skan edilir və cihazlar xəritədə yerləşdirilir. Xəritədə otaqlara yaxınlaşmaq, mərtəbələr arasında keçid etmək və cihazları növə görə filtrləmək mümkündür.
Qeyd edək ki, "Alexa Home Map" bu ilin sonunda iOS üçün ilkin versiyada istifadəyə veriləcək, həmçinin "Alexa" və "Ring" tətbiqlərinə, "Echo Show 16" və yeni "Alexa" planşetlərinə gələcək. "Android" dəstəyi isə 2027-ci ilin əvvəlində gözlənilir.
Mənbə: Engadget