"Xbox Nano" kontrolleri buludla birbaşa Wi-Fi üzərindən əlaqə qura biləcək

"Microsoft" yeni kontrollerin rəsmi elan olunmayan funksiyasını gizli şəkildə sınaqdan keçirir. Məqsəd gecikməni azaltmaqdır.

The Verge

The Verge xəbər verir ki, "Microsoft"un satışa çıxarmağa hazırlaşdığı yeni "Xbox Nano" kontrolleri Wi-Fi vasitəsilə birbaşa "Xbox Cloud Gaming" serverlərinə qoşula biləcək. Bu funksiya hələ rəsmi olaraq elan edilməyib.

Məlumata görə, kontrollerin birbaşa buludla əlaqəsi oyunlarda gecikməni azaltmağa xidmət edir. Bu yanaşma vaxtilə "Google"un "Stadia" kontrollerlərində istifadə olunurdu. Funksiya hazırda yeni "Xbox Cloud Gaming" saytında qapalı şəkildə sınaqdan keçirilir.

The Verge

Funksiyadan istifadə etmək üçün kontroller "Xbox" mobil tətbiqi vasitəsilə Wi-Fi üzərindən "Microsoft"un bulud serverləri ilə cütləşdirilməlidir. Nəşrin müxbiri Tom Uorren gözləyir ki, şirkət bu imkanı tezliklə ilkin versiya kimi təqdim edəcək, daha sonra isə veb və ağıllı televizorlarda tam dəstək təmin olunacaq.

Müxbirin fikrincə, gələcək "Xbox Elite 3" kontrolleri də eyni funksiyaya malik olacaq.

Qeyd edək ki, "Microsoft" oxşar funksiyanı əvvəllər "Sebile" kod adlı kontrollerdə tətbiq etməyi planlaşdırırdı. Həmin kontroller 2024-cü ildə "Xbox Series X" konsolunun yenilənmiş versiyası ilə birlikdə təqdim edilməli idi, lakin layihə ləğv olunub.

Mənbə: The Verge