"PlayStation"un atası Ken Kutaragi disklərdən imtinada "Sony"ni dəstəkləyib
"PS1", "PS2" və "PS3"-ün yaradıcısı oyunçuların narazılığını anladığını, amma diskləri saxlamağın iqtisadi baxımdan məntiqli olmadığını deyib.
Engadget xəbər verir ki, ilk "PlayStation", "PS2" və "PS3" konsollarının hazırlanmasına rəhbərlik etmiş mühəndis Ken Kutaragi "Sony"nin fiziki oyun disklərinin istehsalını dayandırmaq qərarını dəstəkləyib. O, oyunçuların narazılığını başa düşdüyünü, lakin disklərin saxlanmasını iqtisadi cəhətdən əsaslı saymadığını bildirib.
Kutaragi oktyabrın 15-də İngiltərədə keçirilən "Game Republic New Horizons" konfransında VGC nəşrinə açıqlamasında fiziki disklərin oyuna sahib olmağın simvoluna çevrildiyini və müqavimətin "düşüncə tərzi məsələsi" ola biləcəyini deyib. O, konsolları smartfonlarla müqayisə edərək istifadəçilərin artıq rəqəmsal məzmunun onlarda qalacağına etibar etdiyini qeyd edib. Kutaragi 2007-ci ildə "Sony"dən ayrılıb, ona görə də bu, şirkətin rəsmi mövqeyi deyil.
Maraqlıdır ki, "Sony" avqustda Kaliforniyadakı kollektiv iddiaya cavabında istehlakçıların rəqəmsal oyunlara sahib olmadığını, yalnız geri alına bilən lisenziya əldə etdiyini bildirib. Kutaragi həmçinin şirkətin indiki rəhbərliyinin "PlayStation"u həm də "məzmun terminalı" kimi gördüyünü düşünür.
Qeyd edək ki, "Sony" iyulda 2028-ci ilin yanvarından disk əsaslı oyunların istehsalını dayandıracağını açıqlayıb. Aprel-iyun rübündə "PS4" və "PS5" üçün tam oyun satışlarının 82 faizi rəqəmsal olub. Fiziki oyunların saxlanmasını tələb edən onlayn petisiya isə 352 mindən çox imza toplayıb. ABŞ konqresmeni Ritchie Torres də alınmış oyunların lisenziya deyil, mülkiyyət sayılmasını nəzərdə tutan "Power to the Players Act" qanun layihəsini elan edib.
Mənbə: Engadget