"Nvidia" rəhbərinin oynadığı "Microduck" robotları 20 mindən çox sifariş toplayıb
"GTC Berlin" konfransında nümayiş olunan kiçik robot ördəklər bir gün ərzində viral olub və Milad bayramına qədər çatdırılacaq.
TechCrunch xəbər verir ki, "Nvidia"nın baş direktoru Censen Huanqın şirkətin "GTC Berlin" konfransındakı çıxışı zamanı "Microduck" robotları ilə oynadığı video sosial şəbəkələrdə geniş yayılıb. Ertəsi gün bu robotlara verilən ilkin sifarişlərin sayı 20 mini ötüb.
Videoda kiçik robot ördəklər səsli əmrlə oturur, "yatmaq" üçün yerə yıxılır və mayallaq aşır, bu zaman "R2-D2"ni xatırladan səslər çıxarır. Sifarişlərin sayını "Hugging Face"in rəhbəri Klem Delanq sosial şəbəkədəki paylaşımında açıqlayıb.
Robotların Milad bayramına qədər alıcılara çatdırılacağı gözlənilir. Delanqın fikrincə, "Microduck" ilin ən çox satılan robotu ola bilər və onun auditoriyası təkcə uşaqlarla məhdudlaşmaya bilər: tanıtım videolarında robotlarla böyüklər də oynayır.
Açıq mənbəli "Microduck" robotları "Nvidia"nın texnologiyaları əsasında öyrədilib: simulyasiyalarda onlara yerimək, oturmaq və ayağa qalxmaq kimi əsas bacarıqlar öyrədilib. İstehsalçı bildirib ki, istifadəçilər robotlara yeni hərəkətlər öyrədib onları icma ilə paylaşa biləcək.
Qeyd edək ki, robotları "Hugging Face"in 2025-ci ildə aldığı "Pollen Robotics" şirkəti istehsal edir. "Nvidia" isə sentyabrda "Hugging Face"i satın alıb. "Microduck" "Hugging Face"in "Reachy Mini"dən sonra ikinci robotudur.
Mənbə: TechCrunch