Microsoft istifadə olunmayan "Xbox" konsollarının satılmasını təşviq edir

Şirkət bir müddətdir oynamayan istifadəçilərə e-poçt göndərərək konsolu "Best Buy"-a təhvil verib 375 dollaradək kredit almağı təklif edir.

Engadget

Engadget xəbər verir ki, "Microsoft" bir müddətdir konsoldan istifadə etməyən bəzi "Xbox" sahiblərinə e-poçt göndərməyə başlayıb. Məktublarda istifadəçilərə "Xbox Series X" və "Series S" konsollarını "Best Buy" mağazalarına təhvil verməklə "375 dollaradək" geri almaq təklif olunur.

"Best Buy"-ın saytına görə, 375 dollar yaxşı vəziyyətdə olan, işlək kontroller, qidalanma kabeli və altlıqla birlikdə təhvil verilən "Series X" üçün ən yüksək təklifdir. Lakin mağaza ödənişi nağd pulla deyil, yalnız mağaza krediti şəklində edir. Nəşr qeyd edir ki, konsolu "eBay" kimi platformalarda satmaq daha çox zəhmət tələb etsə də, adətən daha yüksək gəlir gətirir.

Engadget

Kampaniyanın səbəbi süni intellekt sektorunun yaratdığı operativ yaddaş qıtlığıdır. Bu qıtlığın 2028-ci ilədək davam edəcəyi gözlənilir və bu, yeni konsol çatışmazlığına yol aça bilər. Konsol kimdəsə aktiv istifadə olunduqca, "Microsoft" "Game Pass" abunəsi və rəqəmsal satışlardan gəlir əldə edə bilir.

Maraqlıdır ki, şirkətin özünün də konsol dəyişdirmə proqramı var, lakin o, "Best Buy"-ı önə çəkir. Engadget bunu ABŞ-da geniş fiziki mağaza şəbəkəsinə malik pərakəndəçi vasitəsilə daha geniş auditoriyaya çatmaq istəyi ilə izah edir.

Engadget

Qeyd edək ki, "Microsoft" ötən ilin oktyabrında "Xbox Series X" və "Series S" konsollarının qiymətini artırıb, iyunda isə növbəti qiymət artımını elan edib. Şirkət həmin açıqlamada zərbəni yumşaltmaq üçün bir sıra tədbirlər görəcəyini bildirmişdi.

Mənbə: Engadget