The Verge "Fortune" nəşrinin hesabatına istinadən xəbər verir ki, "Microsoft" 2027-ci ilin bayram mövsümündə yeni nəsil "Xbox" portativ cihazını təqdim etməyi planlaşdırır. "Project Helix" kod adlı yeni nəsil konsolun isə 2028-ci ilin bayram mövsümündə satışa çıxarılacağı bildirilir.

Hesabatda portativ cihazın "Microsoft" tərəfindən, yoxsa "Asus" kimi tərəfdaş istehsalçı tərəfindən hazırlanacağı açıqlanmayıb. "Xbox"un baş direktoru Aşa Şarma "Project Helix"i "cihazlar ailəsi" kimi təsvir edib. Bu, növbəti konsolun yalnız bir cihazdan ibarət olmayacağına işarə edir.

"Fortune"un məlumatına görə, "Microsoft" şirkət cihazın maya dəyərini subsidiyalaşdırmasa, "Project Helix" konsolunun istehlakçılar üçün qiymətinin 1200-1800 dollar arasında olacağını proqnozlaşdırır. Bundan əlavə, "Windows" və "Xbox" komandaları arasında yeni konsolun proqram təminatı ilə bağlı fikir ayrılığı yaranıb, lakin istiqaməti hazırda "Xbox" komandası müəyyənləşdirir.

Hesabatda "Xbox Game Pass" abunə xidmətində gözlənilən dəyişikliklərə də toxunulub. Bildirilir ki, şirkət reklamlı və reklamsız tariflər, eləcə də yalnız konsol oyunları, bulud oyunları və çoxoyunçulu rejim üçün əlavə paketlər üzərində işləyir. Həmçinin Şarmanın bu ay, ardınca noyabr və yanvar aylarında yeni ixtisarlar planlaşdırdığı qeyd olunub.

Qeyd edək ki, keçən il "Microsoft" və "AMD" yeni nəsil konsol da daxil olmaqla bir sıra cihazlar üzərində çoxillik strateji tərəfdaşlıq elan ediblər. Şarma vəzifəyə gəldikdən sonra "Game Pass" xidmətinin qiymət artımlarını geri qaytarıb, gələcək "Call of Duty" oyunlarını isə buraxılış günündən xidmətə əlavə etməkdən imtina edib.