# "Xiaomi 18 Pro" Avropaya daha zəif batareya və 1449 avro qiymətlə gələ bilər

> Sızan məlumata görə, seriyanın qlobal versiyaları Çin modelləri ilə müqayisədə daha kiçik tutumlu batareya ilə təchiz olunacaq.

- Mənbə: [INPUT.AZ](https://input.az)
- URL: https://input.az/mobil/xiaomi-18-pro-avropaya-daha-zeif-batareya-ve-1449-avro-qiymetle-gele-biler
- Dərc olunub: 20 oktyabr 2026, 19:20 (Bakı)
- Bölmə: Mobil
- Teqlər: Xiaomi, Smartfon
- Mənbə: [9to5Google](https://9to5google.com/2026/10/20/xiaomi-18-pro-global-debut-price-battery-rumors)

!["Xiaomi 18 Pro" Avropaya daha zəif batareya və 1449 avro qiymətlə gələ bilər](https://inputaz.s3.eu-central-1.amazonaws.com/media/1d7e74978bb290e5.webp)
_9to5Google_

9to5Google "YTechB"-yə istinadən xəbər verir ki, "Xiaomi 18 Pro" seriyası Avropa bazarına əhəmiyyətli qiymət artımı ilə çıxa bilər. İddiaya görə, 256 GB yaddaşlı "Xiaomi 18 Pro" 1449 avro, 512 GB-lıq "Xiaomi 18 Pro Max" isə 1849 avro olacaq.

Müqayisə üçün, keçən il "Xiaomi 17" Avropada 999 avrodan satışa çıxarılıb, "Ultra" modeli isə 1499 avroya təklif olunub. Beləliklə, yeni seriyanın başlanğıc qiyməti ötən ilin flaqman "Ultra" modelindən cəmi 50 avro aşağıdır.

!["Xiaomi 18 Pro" Avropaya daha zəif batareya və 1449 avro qiymətlə gələ bilər](https://inputaz.s3.eu-central-1.amazonaws.com/media/7fb510b9191a7164.webp)
_9to5Google_

Hesabatda Aİ-nin EPREL enerji etiketlərinə istinad edilərək bildirilib ki, qlobal versiyalarda batareya tutumu azaldılacaq. Çində 7000 mAh batareya ilə satılan "Xiaomi 18 Pro" Avropada 6000 mAh, 8500 mAh-lıq "Pro Max" isə 7050 mAh batareya ilə gələcək. Bundan əlavə, baza "Pro" modelinin Aİ-də sürətli enerji yığma gücü 90 Vt ilə məhdudlaşdırılıb, bunun səbəbi isə məlum deyil.

Qlobal satışların başlama tarixi hələ açıqlanmayıb. Lakin şirkət adətən yeni smartfonlarını hər yaz Barselonada keçirilən MWC sərgisi ərəfəsində beynəlxalq bazara çıxarır. MWC 2027-nin 1 martda başlayacağı gözlənilir.

Qeyd edək ki, "Xiaomi 18 Pro" seriyası keçən ay Çində təqdim olunub və "Qualcomm"-un yeni "Snapdragon 8 Elite Extreme Gen 6" prosessorunu ilk istifadə edən smartfonlardan biridir. "Xiaomi 17" isə 2026-cı ildə 28 fevralda qlobal bazara çıxmışdı.
