"WhatsApp" planlaşdırılmış mesaj funksiyasını iOS-da sınaqdan keçirir
Yeni imkan mesajın göndərilmə vaxtını 10 dəqiqədən iki həftəyədək əvvəlcədən təyin etməyə imkan verir.
GSMArena xəbər verir ki, "WhatsApp" planlaşdırılmış mesajlar funksiyasının sınaqlarını iOS platformasına da genişləndirib. Funksiya "TestFlight" vasitəsilə yayılan "WhatsApp" beta 26.42.10.19 versiyasının bəzi istifadəçilərinə təqdim olunub, yaxın həftələrdə isə daha çox istifadəçiyə çatacaq.
Funksiya "Android"dəki kimi işləyir. Mesajı yazdıqdan sonra göndərmə düyməsini basıb saxlamaq lazımdır: açılan pəncərədə tarix və saat seçilir. Mesajı ən tezi 10 dəqiqə, ən geci isə iki həftə sonraya planlaşdırmaq mümkündür. Cihaz həmin vaxt internetə qoşulu olmasa belə, mesaj təyin edilən anda göndəriləcək.
Planlaşdırma mətn, link, foto və videoları dəstəkləyir, lakin bir mesajda yalnız bir foto və ya video göndərmək olar. Bu mesajlar uçdan-uca şifrələnir və söhbət məlumatları ekranında ayrıca bölmədə toplanır. İstifadəçi onları göndərilənədək istənilən vaxt silə bilər, qarşı tərəf isə bundan xəbərdar edilmir.
Qrup söhbətlərində planlaşdırılmış mesaj yalnız onu planlaşdırdığınız anda qrupda olan üzvlərə çatacaq. Funksiyanın bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağı hələlik məlum deyil.
Qeyd edək ki, "WhatsApp" bu funksiyanı ən azı fevral ayından hazırlayır və cari ayın əvvəlində onu "Android"də bəzi beta-testçilərlə sınaqdan keçirməyə başlayıb.
Mənbə: GSMArena