9to5Mac xəbər verir ki, "WhatsApp" "iPhone" istifadəçiləri üçün söhbətlərdə paylaşılan bütün linkləri tətbiqin daxilində açmağa imkan verən brauzer funksiyası üzərində işləyir. Məlumat "WABetaInfo" saytının tətbiqin son "TestFlight" versiyasında aşkarladığı izlərə əsaslanır.
Hesabata görə, "Parametrlər" bölməsinin "Söhbətlər" hissəsində "In-app browser" adlı yeni seçim əlavə olunacaq. Bu seçim vasitəsilə istifadəçilər linklərin birbaşa "WhatsApp" daxilində, yoxsa standart brauzerdə açılacağını müəyyən edə biləcəklər. Funksiya ilk dəfə aktivləşdiriləndə tətbiq onun necə işlədiyini izah edən pəncərə göstərəcək, standart brauzerə isə istənilən vaxt qayıtmaq mümkün olacaq.

Eyni ekranda tətbiqdaxili brauzerin topladığı kukiləri, keş və digər məlumatları təmizləmək imkanı da yer alacaq. "WABetaInfo" vurğulayır ki, "WhatsApp" söhbətlərdə paylaşılan linkləri və istifadəçilərin hansılarını açdığını görə bilmir.
Funksiya hələ beta-testerlər üçün əlçatan deyil və onun nə vaxt geniş istifadəyə veriləcəyi barədə məlumat yoxdur.
Qeyd edək ki, keçən ilin may ayında "WhatsApp" bəzi HTTPS ilə qorunan biznes saytlarını tətbiqin daxilində açmağa imkan verən məhdud funksiyanı sınaqdan keçirməyə başlamışdı. Həmin vaxt linkləri üç nöqtə menyusu vasitəsilə standart brauzerdə açmaq seçimi də təqdim olunmuşdu.
Mənbə: 9to5Mac
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





