"vivo Y600" 10 000 mAh batareya ilə təqdim olunub: Ginnesin rekordunu qırıb

Smartfon Çində ilkin sifarişə çıxarılıb, qiyməti 1 999 yuandan başlayır. Açıq satışlar oktyabrın 30-da başlayacaq.

GSMArena

GSMArena xəbər verir ki, "vivo" şirkəti "vivo Y600" smartfonunu rəsmi olaraq təqdim edib. Cihaz Çində ilkin sifarişə çıxarılıb, açıq satışlar isə oktyabrın 30-da başlayacaq. Modelin əsas xüsusiyyəti 10 000 mAh tutumlu batareyasıdır.

Smartfon batareyanın davamlılığına görə Ginnesin Rekordlar Kitabına düşüb. Fasiləsiz canlı yayım testində cihaz 32 saat 37 dəqiqə işləyib. Batareya 44 Vt gücündə sürətli naqilli və tərs naqilli enerji doldurmanı dəstəkləyir.

GSMArena

"vivo Y600" 120 Hz yenilənmə tezliyinə malik 6,83 düymlük AMOLED ekranla təchiz olunub və "Dimensity 7300e" prosessoru ilə işləyir. Arxada 50 MP-lik əsas kamera, öndə isə 8 MP-lik selfi kamerası yerləşir. Cihazda ekranaltı barmaq izi skaneri, NFC dəstəyi və IP68 standartına uyğun qorunma da var.

Smartfonun qiyməti 6/128 GB versiyası üçün 1 999 yuandan (280 dollar) başlayır. 8/128 GB versiyası 2 099 yuan (295 dollar), 6/256 GB versiyası 2 199 yuan (310 dollar), 8/256 GB versiyası isə 2 499 yuan (350 dollar) təşkil edir. Cihaz qızılı, qara və mavi rənglərdə təklif olunur.

GSMArena

Qeyd edək ki, texniki göstəricilərə və dizayna əsasən "vivo Y600" modelinin Çin bazarı üçün yeni adla buraxılmış "vivo S2 FE" və ya "V80 Lite" olduğu bildirilir.

Mənbə: GSMArena