GSMArena xəbər verir ki, "vivo X500 Ultra" smartfonu yalnız Çin bazarı ilə məhdudlaşmayacaq. Cihazın qlobal versiyası V2660 model nömrəsi ilə Türkiyənin IMEI bazasında görünüb.

Bazada həmçinin J2613 model nömrəli "Jovi X500 Ultra" da qeydə alınıb. "vivo" Braziliyada smartfonlarını "Jovi" brendi altında satır, bu səbəbdən yeni modelin həmin ölkədə də satışa çıxarılacağı gözlənilir. Daha əvvəl şirkət rəhbərlərindən biri smartfonun gələn ilin mart və ya aprel ayında Çində təqdim ediləcəyini bildirib.

Sızan məlumatlara görə, "vivo X500 Ultra" "Snapdragon 8 Elite Extreme Gen 6" prosessoru, "BOE" istehsalı olan 6,85 düymlük düz 2K LTPO AMOLED ekran, 144 Hs yenilənmə tezliyi və ultrasəs barmaq izi skaneri ilə təchiz olunacaq. 200 MP-lik periskop telefoto kamerada 1/1,2 düymlük sensorun sınaqdan keçirildiyi bildirilir.

35 mm-lik əsas kameranın təkmilləşdirilmiş stabilizasiyalı 50 MP-lik sensora keçə biləcəyi, batareya tutumunun isə 7000-8000 mAh arasında olacağı iddia edilir. Qlobal versiyanın dəqiq çıxış tarixi hələlik məlum deyil.

Qeyd edək ki, "vivo X300 Ultra" şirkətin qlobal bazara çıxan ilk "Ultra" modeli olub. Smartfon 30 martda Çində təqdim edilib, aprel ayında qlobal satışa çıxıb, avqustda isə Braziliyaya "Jovi X300 Ultra" adı ilə gəlib. Həmin modelin batareya tutumu 6600 mAh, telefoto kamera sensoru isə 1/1,4 düymdür.