"Sony" əfsanəvi "Walkman" qulaqlığı MDR-3-ü USB-C ilə yenidən buraxıb
1979-cu ildə təqdim olunan klassik dizayn müasir qoşulma imkanı, mikrofon və təkrar emal olunmuş plastiklə geri qayıdıb.
9to5Google xəbər verir ki, "Sony" şirkəti "Walkman" kaset pleyeri ilə birlikdə məşhurlaşan MDR-3 qulaqlıqlarını yenidən satışa çıxarıb. "MDR-3R" adlanan yeni model USB-C bağlantısı ilə təchiz olunub və qiyməti 59,99 dollardır.
Şirkətin sözlərinə görə, qulaqlığın dizaynı orijinalın "sadiq surəti"dir və mavi və ya narıncı qulaq yastıqları ilə təklif olunur. Hətta qablaşdırma və istifadə təlimatı da ilkin modelin dizaynını təkrarlayır.
Səs keyfiyyəti baxımından "Sony" eyni 23 mm-lik dinamiki yenidən işləyib hazırlayıb. Səsin orijinala yaxın olduğu, lakin müasir dinləmə üçün təkmilləşdirildiyi bildirilir. Qulaqlıqda həmçinin mikrofon və kabel üzərində idarəetmə pultu var, istehsalda isə təkrar emal olunmuş plastikdən istifadə edilib.
"Netflix"in "Stranger Things" serialında "Walkman"ın oynadığı rola istinadən şirkət serialdakı Maks obrazının taxdığı qulaqlığa uyğun qırmızı-qara versiyanı da təqdim edib. Bu variantın qiyməti 79,99 dollardır.
Qeyd edək ki, orijinal MDR-3 qulaqlıqları 1979-cu ildə "Walkman" kaset pleyerinin yoldaşı kimi bazara çıxarılmışdı. Yeni "MDR-3R" artıq "Sony.com", "Amazon" və "Best Buy" kimi satış platformalarında əldə edilə bilər.
Mənbə: 9to5Google