"Samsung"un "Android XR" eynəkləri üçün ön sifariş tarixi açıqlanıb
Məlumatı "Samsung" və ya "Google" deyil, çərçivələrin dizaynında iştirak edən "Warby Parker" şirkəti paylaşıb.
GSMArena xəbər verir ki, "Samsung"un "Android XR" platformasında işləyən ilk ağıllı eynəkləri üçün ön sifarişlər noyabrın 12-də başlayacaq. Bu barədə eynəklərin bəzi çərçivələrini hazırlayan "Warby Parker" şirkəti məlumat verib.
"Warby Parker"in həmtəsisçisi və həm-baş icraçı direktoru Dave Gilboa üçüncü rübün maliyyə nəticələrini açıqlayarkən bildirib ki, şirkətin ilk "Intelligent Eyewear" kolleksiyası həmin gün tam təqdim olunacaq və qiymətlər də açıqlanacaq. İstifadəçilərə ilk çatdırılmaların dekabrın ortalarında başlayacağı qeyd edilib.
Eynəkləri almazdan əvvəl sınaqdan keçirmək istəyənlər üçün ABŞ-dakı 65 "Warby Parker" mağazasında nümayiş seansları təşkil olunacaq. Bir həftə sonra isə bu imkan şirkətin 360-dan çox mağazasının hamısında əlçatan olacaq. Sınaq üçün şirkətin saytında artıq qeydiyyatdan keçmək mümkündür.
Eynəklər "Gemini" süni intellektli "Android XR" əməliyyat sistemi ilə işləyir, avadanlıq isə "Samsung" tərəfindən "Snapdragon AR1 Gen 1" prosessoru əsasında hazırlanıb. Cihazda ekran yoxdur, lakin kamera, mikrofonlar və dinamiklər mövcuddur. Onları səslə və ya yan hissələrdəki toxunuşa həssas sahələr vasitəsilə idarə etmək olar.
Qeyd edək ki, "Samsung" ilk "Android XR" eynəklərini iyul ayında keçirilən "Galaxy Unpacked" tədbirində nümayiş etdirib. Daha əvvəl yayılan məlumatlarda da eynəklərin dekabrın ortalarında satışa çıxacağı bildirilmişdi.
Mənbə: GSMArena