9to5Google xəbər verir ki, "Samsung" şirkəti "Galaxy S27" seriyasının təqdimat tarixini hələ dəqiqləşdirməyib. "Naver" platformasında Lanzuk adlı istifadəçinin paylaşdığı məlumata görə, smartfonların təqdimatı ən gec fevral ayında baş tutacaq.

Gecikmənin səbəbi kimi "Galaxy S27 Pro" və "Galaxy S27 Ultra" modellərinin komponent siyahısının hələ yekunlaşdırılmaması göstərilir. İddiaya görə, baza və "Plus" modelləri üzərində iş artıq faktiki olaraq başa çatıb.

Sızmada yaddaş bazarındakı bahalaşma da təsirli amil kimi qeyd olunur. Bildirilir ki, cihazların tərkibi və nisbəti ilə bağlı fərqli fikirlər var, bu da şirkətin iki ən bahalı modelə nə qədər yaddaş quraşdıracağına hələ qərar vermədiyini göstərir.

Ən böyük sual işarəsi "UFS 5.0" yaddaş standartına keçid ehtimalıdır. Bundan əlavə, "LPDDR6" operativ yaddaşı da baha başa gələn komponentlər sırasındadır.

Qeyd edək ki, "Samsung" yeni "Galaxy S" smartfonlarını illərdir yanvar və ya fevral aylarında, CES sərgisindən sonra və MWC-dən əvvəl təqdim edir. Mənbəyə görə, ötən ilki kimi model dəyişikliyi kimi son dəqiqə böyük dəyişikliklərin baş verməsi ehtimalı azdır.